İntellektual oyununun respublika birinciliyi keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, 5 dekabr 2019-cu il tarixdə Gənclik Mərkəzində “Nə? Harada? Nə zaman?” İntellektual Oyununun Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Oyun yeniyetmələr arasında Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95 illik yubileyi ilə əlaqədar oxunması zəruri olan kitablar əsasında baş tutub.
Oyunun keçirilməsində məqsədin oxunması zəruri olan kitabların gənclər və yeniyetmələr arasında təbliğinə nail olunması, muxtar respublikada yeniyetmə və gənclərin intellektual fəaliyyətə cəlb edilməsi, onların intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması və asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Sentyabr ayından etibarən start götürən, 60-a yaxın komandanın iştirak etdiyi intellektual oyun 2 turdan ibarət olub və hər turda 12 sual səsləndirilib.
Muxtar respublika birinciliyində Kəngərli rayonunun “Qalaktika” komandası I yerə, Naxçıvan şəhərinin “Nuh yurdu” komandası II yerə, Culfa rayonunun “Qələbə” komandası III yerə çıxıb. Sonda qalib komandalara Gənclər və İdman Nazirliyi tərəfindən kubok və diplom, komanda üzvlərinə isə fəxri fərman və Oxunması zəruri olan kitablar siyahısına daxil olan Ümummilli lider Heydər Əliyevin yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına etdiyi müraciəti-“Azərbaycan XXI Əsrin və Üçüncü Minilliyin Ayrıcında” kitabı təqdim edilib.
Qeyd edək ki, birincilik Gənclər və İdman və Təhsil nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.