SMOMPK toplusunda “erməni folkloru” kimi təqdim olunan xalq ədəbiyyatı nümunələrimiz Azərbaycan dilinə tərcümə edilir
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun klassik folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Rza Xəlilov, elmi əməkdaşları filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Xürrəm qızı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Hüseynova “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” (SMOMPK) toplusunun üçüncü cildində “erməni folkloru” kimi təqdim olunan Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələrini doğma dilimizə tərcümə edirlər.
İnstitutdan NUHÇIXAN-a bildirilib ki, SMOMPK toplusunda “erməni” folkloru kimi təqdim edilən Azərbaycan şifahi xalq ədəbiyyatı nümunələri həddən artıq çoxdur. Belə faktlar erməni plagiatçılığının uzun tarixi olduğunu sübut edir. Bu materiallar ayrıca bir cild şəklində nəşr ediləcək. Artıq bu istiqamətdə müəyyən işlər görülməkdədir.
Qeyd edək ki, 1881-ci ildən başlayaraq Tiflisdə Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən rus dilində “Sbornik materialov dlya opisaniya mestnostey i plemen Kavkaza” (SMOMPK) - (“Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu” – QƏXTMT) məcmuəsinin nəşri Qafqaz xalqları, o cümlədən Azərbaycan xalqı üçün əlamətdar hadisə oldu. Toplu tezliklə özünün diyarşünaslıq, kulturoloji materiallarının çoxşaxəliliyinə, əhatə dairəsinin genişliyinə görə digər nəşrlərdən seçilməyə başladı.
Toplunun müxtəlif buraxılışlarında Azərbaycan türk folkloru ilə yanaşı, Qafqazın müxtəlif xalqlarının, o cümlədən erməni və gürcü şifahi xalq ədəbiyyatı örnəkləri geniş şəkildə yer alıb. Məcmuədə müxtəlif erməni folklor janrlarından ibarət örnəklər “Zaqafqaziya erməni xalq filologiyası”, “Erməni əfsanə və nağılları”, “Erməni nağılları, rəvayətləri və əfsanələri” və sair başlıqlar altında işıq üzü görüb. Bu materiallarla, örnəklərlə tanış olduqda onların, xüsusilə də dastan, nağıl kimi böyük həcmli əsərlərin Azərbaycan türk folklorundan iqtibas edildiyini, alındığını görmək olar. Topluda “erməni folklor”u kimi göstərilən bir çox əsərlərdə təsvir edilən hadisələr ölkəmizin ərazisində Azərbaycan gerçəklikləri əhatəsində baş verir. Məhz bu səbəbdən bu materialların ana dilimizə tərcüməsi və milli folklor nümunələri olaraq ictimaiyyətə təqdim edilməsi olduqca zəruridir.