Nəsimi yaradıcılığında Nəimi fəlsəfəsi

A- A A+

Bu fəlsəfəni və həqiqətləri anlamaq üçün mərifət, elm sahibi olmaq əsas şərtdir

Azərbaycan tarixində, orta əsrlərdəki mədəni-ictimai həyatında, eləcə də bu məkanın ədəbiyyatında xüsusi yer tutan hürufilik yarandığı dövrdən etibarən mədəni, ədəbi aləmə və siyasi dairələrə təsir göstərib. Hürufilik bir təlim kimi heç də təsadüfən və birdən-birə ortaya çıxmayıb. Bu təlim müəyyən mərhələli proseslərin məhsuludur. Hürufiliyə görə kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. Həmçinin hürufilərdə əsas obraz kamil insandır və onu “gövhər” adlandırırlar. Hürufilərə görə Allah özünü iki şəkildə göstərir: Söz-kəlam və insan şəklində. Onlar inanırdılar ki, “Qurani-Kərim” müqəddəsdir və bu kitab hərflərlə yazılıbsa, demək hərflər də müqəddəsdir. Hürufiliyin əsas simaları, təbliğatçıları kimi Fəzilullah Nəimi və İmadəddin Nəsiminin adları çəkilir.

Vəhdət və metafizik fəlsəfələri

Mövzu ilə bağlı həmsöhbət olduğum AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Rzayev bildirir ki, Azərbaycanın filosof şairi İmadəddin Nəsimi Şamaxıda doğulub, ilk təhsilini orda alıb. Sonra o, XII əsrdə zərdüştlüklə bağlı formalaşan sufizm fəlsəfəsinə meyl edib və düşüncələrini təbliğ etməyə başlayıb. Bu dövrdə o, bir çox alimlərin, o cümlədən Nəiminin fikirləri ilə tanış olub və bu fikirlərə meyl eləməklə hürufilik nəzəriyyəsinə üstünlük verib. Yəni, Nəiminin əsərlərində olan fikirlər eynilə Nəsimidə də var. Ancaq Nəsiminin yaradıcılığında dördlük fəlsəfəsi tamamilə fərqlənir. Onun dördlük fəlsəfəsi isə - şəriət, təriqət, mərifət, həqiqət mərhələləri üzərində qurulub. Burda şəriət ibtidaidən bir inanca sahib olmaq kimi götürülür. Sonra şəriət üzərində bir istiqamət götürüb təkmilləşdirilir. Bundan sonra mərifət, yəni elm gəlir ki, Nəsimi yaradıcılığında mərifətin, elmin tərənnümünə böyük yer verilir. Həqiqət fəlsəfəsində isə o, tam özünü öz vücudunda dərk etmə kimi amilləri göstərir. Onun vəhdət və metafizik fəlsəfələri də var.

İnsanın bütün külli - kainatla vəhdətdə olması

Nəsimi “Zərrə mənəm, günəş mənəm, çar ilə pəncü şeş mənəm”, - deyərək bildirir ki, zərrə insanın ilkin yaranışı, kainatın təkamülüdür. İnsan zərrələrdən ibarətdir. “Çar mənəm" dedikdə insanın yaranışında olan dörd ünsür nəzərdə tutulur. Torpaq, su, od, hava. “Pəncü” insanda olan duyğu üzvlərini - göz, burun, qulaq, əl, ağız və bədənin bütövlükdə sinir sistemini təşkil edir. “Şeş” - altı cəhəti - ön, arxa, sağ, sol, aşağı, yuxarı istiqamətləri göstərir. Yəni insanın bütün külli-kainatla vəhdətdə olmasını bildirirdi. Bu da metofizik fəlsəfəni özündə cəmləşdirirdi ki, Nəsimi öz əsərlərində bu məsələyə geniş yer ayırıb.

Hürufilər Əlincənin müdafiəsində iştirak ediblər

Hürufiliyin yaradıcısı Nəiminin Naxçıvana hansı məqsədlə gəlməsi və burda edamı haqqında da müxtəlif fərziyyələr var. Həmsöhbətim Firudin Rzayevin sözlərinə görə, görkəmli alim 1339-1340-cı illərdə Astrabadda doğulub. Bir çox mənbələrdə Nəiminin 1394-cü ildə Samirə şəhərində edam olunduğu göstərilir. Ancaq bu fikir özünü doğrultmur. Digər tərəfdən Nəiminin Naxçıvana gəlib, burda edam olunması haqqında maraqlı məlumatlar var. Gələcəyi görüb, yuxuları yoza bilən Nəiminin özünün yuxuları həmişə çin olurmuş. O, yuxularının birində özünün Əmir Teymur tərəfindən öldürüldüyünü görüb və bunu  əsərlərində də qeyd edib. Hətta onun, Əmir Teymura hürufiliyə qoşulması üçün məsləhət  verdiyi də əsərlərində yer alır. Bu, böyük bir inancdır. Deyilənə görə Əmir Teymur bunu qəbul etməyib. Hürufi inancında olanların hamısı Əlincənin müdafiəsində iştirak ediblər.

Nəiminin Əmir Teymura təslim edilməsi

Digər mənbəyə görə Əmir Teymur Şirvanşah İbrahimin dövründə Şirvanşahlar üzərinə hücum edib. Şirvanşah İbrahim öz ərazisini qorumaq üçün 9 qızılı xalçanı, 9 qızıl qılıncı, 9 qızıl mücrünü 9 dəvəyə yükləyib və 8 qulla birlikdə Əmir Teymura göndərib. Əmir Teymur qulun niyə 8 olduğunu soruşduqda Şirvanşah İbrahim cavab verib ki, ulu Əmir, 9-cu qul mənəm. Bu hərəkətlə İbrahim Şirvanı Əmir Teymurun istilasından qutarıb. Və bir çox mənbələrdə göstərilir ki, Nəiminin Əmir Teymura təslim edilməsi də Şirvanşah İbrahimin köməkliyi ilə olub. Nəimini Şirvanda həbs edərək Naxçıvana gətirib Əmir Teymura təhvil verib. Tarixi mənbələrdə belə qeyd olunur ki, Əmir Teymur Naxçıvana yürüş edəndə Nəimi, Nəsimi və digər hürufilərlə birlikdə Əlincə qalasının müdafiəsinə toplaşıblar.

İtalyan səyyahın Nəimi barədə qeydləri

Nəiminin edamı haqqında heç bir fitva, heç bir qərar yoxdur. Nəiminin Culfa rayonunun Xanəgah kəndindəki Xanəgah türbəsində məzarının olması Nəiminin məhz burada edamını və dəfnini göstərir. Hətta İtalyan səyyahı bu haqda məqalə yazıb: "Nəiminin dəfnində xeyli sayda sufi, ağ geyimli xirqəlilər iştirak edib. Sonra həmin xirqəlilər Əmir Teymurun da dəfnində iştirak edib". Buradan belə bir  nəticəyə gəlmək olar ki, Əmir Teymurla Nəsiminin söhbətlərində Nəsimi onu öz tərəfinə çəkib, öz həqiqətlərinə inandıra bilib. Çünki Teymurun Nəimini öldürməyi tarixi sənədlərdə sübuta yetməyib. İtalyan səyyah Teymurun dəfnində də xeyli sayda hürufilərin iştirak etdiyini yazırdı.

Əlincənin 14 il mərdliklə müdafiəsi

İtalyan səyyahın söylədiklərindən belə nəticə çıxartmaq olur ki, Əlincə qalasının müdafiəsində hürufilərin böyük xidməti olub. Hürufilər əsasən Culfa rayonunun Xanəgah kəndində məskunlaşıblar. Tarixin müxtəlif dövrlərində bura onların elm, təhsil və mədəniyyət mərkəzi olub.

Naxçıvan memarlıq məktəbinin Xanəgah nümunəsi

Nəiminin dəfn olunduğu Xanəgah türbəsinə gəlincə, bu abidə Naxçıvan memarlıq məktəbinin gözəl nümunəsidir. Arxiv materiallarında Xanəgahın XVIII əsrdə də fəaliyyət göstərdiyi qeyd olunur. "Əlincəçay" Tarix Memarlıq Abidəsinin direktoru Kamal Gülmalıyev bu barədə bizimlə söhbətində qeyd etdi ki, Nəimi türbədə dəfn olunandan sonra hürufilər bu ərazini uzun müddət ziyarətgaha çeviriblər, buranı Şeyx Xorasan adı altında təbliğ ediblər. Hürufiliyin məşhur nümayəndəsi Əliyyül-Əlanın da sonra Xanəgah kəndində uzun müddət yaşaması məlumdur. Çünki onun əsərlərinin əksər hissəsi buranın tarixi ilə əlaqədardır. 2016-cı ildə Xanəgah türbəsində geniş bərpa işləri aparılıb, dam örtüyü yenilənib, həyət abadlaşdırılaraq yeni işıqlandırma sistemləri quraşdırılıb. Nəsimin müəllimi kimi də tanınan Nəiminin dəfn olunduğu Xanəgah abidəsi hazırda turistlərin böyük marağına səbəb olan məkanlardan biridir. Türbəyə dünyanın bir çox yerlərindən hürufiliyi sevən, sufizmə aşiq olan insanlar gəlir, buranın tarixi ilə əlaqəli olaraq müəyyən məlumatları öyrənirlər. Ümumiyyətlə, Nəiminin əsərlərində olan gizli rəmzlər bir çox insanın diqqətini çəkir və insanlar bu rəmzləri Əlincəçay Xanəgahında axtarırlar. Elm və fikir adamları, turistlər Əlincəçay Xanəgahında Nəiminin həyatı, onun bu ərazilərdə niyə öldürülməsi, Nəsimi ilə Nəiminin həyatı arasında olan bağlantılar haqqında öyrənmək istəyirlər.

“Ey özündən bixəbər qafil, oyan”

Sadalanan faktları ümumiləşdirsək, belə bir fikri xüsusilə vurğulaya bilərik ki, Nəsimi yaradıcılığında Nəimi fəlsəfəsinin çox böyük rolu və təsiri olub. “Ey özündən bixəbər qafil oyan, Həqqə gəl, kim həqq deyil batil, oyan. Olma fani, aləmə mayil, oyan, Mərifətdən nəsnə qıl hasil, oyan”, - misralarında Nəsimi ilkin olaraq özündən bixəbər olan insana tövsiyə edir ki, oyanıb həqiqəti anlasın. Həqiqəti anlamaq üçünsə mərifət, elm sahibi olmalısan.

Həq-təala Adəm oğlu özüdür,

Otuz iki həq kəlamı sözüdür.

Cümlə aləm bil ki, Allah özüdür,

Adəm ol candır ki, günəş özüdür.

Nəsimi şeirlərində bildirir ki, ey insan bir içini ara, gör içində Allah-təala nə kimi bir möcüzə yaradıb? Onu başa düşəndən sonra rəhm eliyənlər aləminə yüksəlib Allahı görə bilərsən. “Həqq mənəm, həqq məndədir”, - misralarında da Allahın insan bədənində təzahür etməsi, içində olması fikrinə əsaslanır şair. Nəsimi təqiblərə, təzyiqlərə məruz qalsa da, öz bəşəri ideyalarından əl çəkməyib. Bütün yaradıcılığı boyu elmə, mədəniyyətə, kamilliyə üstünlük verib. Əgər günümüzə də diqqət etsək, görərik ki, cinayət törədənlər, oğurluq edənlər, pis əməl sahibləri əsasən Allahı içində görə bilməyən, kamil olmayan insanlardır.

Zahidin bir barmağın kəssən dönüb həqdən qaçar,

Gör, bu gerçək aşiqi sər-pa soyarlar, ağrımaz?

Ölümə meydan oxuyan şairin bu misralarından bəlli olur ki, onun ölümü təkcə əqidəsinə görə deyildi. Onun ölümü dövrün siyasi hadisələri ilə də yaxından əlaqəli idi. Nəsimi öz fəlsəfi fikirləri ilə bir daha xalqımızın böyük bir təfəkkürə malik olduğunu bütün dünyaya nümayiş etdirib. Prezident İlham Əliyevin imzaladığı sərəncamla 2019-cu ilin “Nəsimi ili” elan olunması filosof şairin yaradıcılığını yenidən tədqiq etmək, öz yaradıcılığı ilə kamilliyi, sülhü, barışı, dostluğu təbliğ edən şair və filosof Nəsimini bir daha dünyaya tanıtmaq məsuliyyətini ortaya qoyur.

Hafizə ƏLİYEVA

Əməkdar jurnalist

Yazı “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün”dür.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: