Şərqşünaslıq İnstitutunun əməkdaşı “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib

A- A A+

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov ilk dəfə “Tövrat”ı orijinaldan Azərbaycan dilinə tərcümə edib.

NUHÇIXAN xəbər verir ki, kitaba “Ön söz”ü Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsinin müəllimi, professor Nəsrulla Məmmədov və mərhum akademik Vasim Məmmədəliyev yazıblar. Yeni nəşrin məsləhətçisi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının ravini Avraam Yakubov, rəyçisi BDU-nun Şərqşünaslıq fakültəsinin müəllimi, dosent Gülnarə Abdullayeva, redaktoru isə professor Nəsrulla Məmmədovdur. Kitab Şərqşünaslıq İnstitutunun elmi şurasının qərarı ilə çap olunub.

Teymur Sadıqov bildirib ki, “Tövrat” dünyanın bir çox dillərinə tərcümə olunub. Lakin Azərbaycan dilində “Tövrat”ın ibri dilindən orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsi mövcud deyil. Hesab edirik ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni-yeni müqayisəli elmi mövzular və tədqiqat işləri meydana çıxacaq.

Qeyd edək ki, müqəddəs “Tövrat”ın tərcüməsinə mütərcim tərəfindən 2014-cü ildən başlanıb və 2019-cu ildə tamamlanıb. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, Teymur Sadıqovun ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi ona yəhudi dilinə aid təfsirlərə, şərhlərə və ümumilikdə bu mövzu ilə bağlı əsərlərə müraciət etməklə bu problemləri həll etmək imkanı verib. Burada məhz yəhudi alimlərinin, ravinlərinin və müdriklərinin fikirləri əsas tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: