Naxçıvanda Ümumdünya İnsan Hüquqları günü münasibətilə bilik yarışı olub - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, 10 dekabr İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev iştirak ediblər.
İki turdan ibarət bilik yarışında komandalar Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarına, həmçinin muxtariyyətin tarixi və hüquqi aspektlərinə dair suallara cavab veriblər.
“Naxçıvan” Universitetinin “Nəqşicahan” komandası I, Naxçıvan Dövlət Universitetinin “İldırım” komandası II, Naxçıvan Müəllimlər İnstitutunun “Buta” komandası isə III yerə layiq görülüblər.
Orta ixtisas təhsili müəssisələri tələbələri arasında isə Naxçıvan Tibb Kollecinin “İbn Sina” komandası I, Naxçıvan Musiqi Kollecinin “Virtuoz” komandası II, Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası III yeri tutublar.
Sonda qalib gələn və fərqlənən komandalar Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin fəxri fərmanları və Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun diplomları ilə təltif olunublar.