Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub - FOTOLAR
Dekabrın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda böyük yazıçı və dramatuq Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi münasibətilə elmi sessiya keçirilib.
NUHÇIXAN xəbər verir ki, tədbirdə çıxış edən institutun direktoru, akademik Gövhər Baxşəliyeva Prezident İlham Əliyevin “Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncam imzaladığını xatırladıb. Bildirib ki, Sərəncama əsasən Mədəniyyət Nazirliyi Təhsil Nazirliyi və AMEA ilə birlikdə Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planının hazırlanması tapşırılıb. Bugünkü tədbir də həmin tədbirlər planına əsasən keçirilir.
G.Baxşəliyeva qeyd edib ki, Cəlil Məmmədquluzadənin Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rolu olub. Mirzə Cəlil Azərbaycan ədəbiyyatı və ictimai fikir tariximizdə böyük iz qoyub, ana dilimizin qorunmasında və inkişafında, Azərbaycan xalqının oyanışında böyük xidmətlər göstərib, həmçinin yalançı din təbliğatçılarına, xurafata və cəhalətə qarşı mübarizə aparıb. “XIX əsrin sonu XX əsrin əvvələrində Azərbaycan ədəbiyyatı, ictimai və ədəbi fikir tarixində çox böyük dirçəliş dövrü başlandı. Bu proseslərin başında duranlardan və fəal iştirak edənlərdən biri də Mirzə Cəlil olub. Cəlil Məmmədquluzadənin fəaliyyətinin əsasında onun publisistikası dayanır. O, həyatı boyu bu ideallar uğrunda yazşıçı qələmi ilə xalqımızın inkişafı üçün mübarizə aparıb. Azərbaycanda və onun hüdudlarından kənarda geniş yayılaraq milli oyanışa, yeniləşmə hərəkatına yol açan və azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərən “Molla Nəsrəddin” jurnalı məhz Mirzə Cəlil dühasının məhsuludur. Bu jurnalın ətrafında bir sıra demokrat, vətənpərvər və maarifçi yazıçılarımız cəmləşmişdi. “Poçt qutusu”, “Danabaş kəndinin əhvalatları”, “Ölülər” və digər əsərlərində ürək yanğısı ilə Vətənində mövcud olan geriliyi, savadsızlığı satirik qələmi ilə aradan qaldırmaq böyük vətənpərvər yazışının fəaliyyətinin əsasını təşkil edirdi. Azərbaycanda sovet hakimiyyəti qurulanda Mirzə Cəlil Təbrizə mühacirət edib və iki il bu şəhərdə yaşayıb, fəaliyyətini orada da davam etdirib. Məhz “Molla Nəsrəddin” jurnalının səkkiz nömrəsi Təbrizdə nəşr olunub. 1922-ci ildə Azərbaycana qayıdan C.Məmmədquluzadə ömrünün sonunadək fəaliyətini Bakıda davam etdirib”, - deyə Gövhər Baxşəliyeva qeyd edib.
G.Baxşəliyeva bildirib ki, Şərqşünaslıq İnstitutunun tədqiqat dairəsinə uyğun olaraq bu elm müəssisəsində bilavasitə görkəmli ədibin yaradıcılığı tədqiq edilməyib. Ancaq institutda iranlı dissertantlar tərəfindən “XX əsrin əvvəllərində Azərbaycan ədəbiyyatının İran ədəbiyyatına təsiri” və “Məşrutə dövrü İran satirik mətbuatının inkişafında Cəlil Məmmədquluzadə və M.Ə.Sabirin rolu ” mövzularında dissertasiya işləri uğurla müdafiə edilib.
Seminarda institutun Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Cəlil Məmmədquluzadənin cəhalətə və xurafata qarşı mübarizəsi və aktuallığı” mövzusunda məruzə ilə çıxış edib.
Ümumən soydaşlarını, o cümlədən bütün Şərq qadınlarını oxumağa, maariflənməyə çağıran Mirzə Cəlilin: “Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız onda azadlığın qədrini bilərsiniz, onda xoşbəxtlik yolunu taparsınız. Oxumasanız qaranlıqda qalacaqsınız” fikrinə istinad edən məruzəçi maarifçiliyin onun əsas amalı olduğunu xatırladıb. “Molla Nəsrəddin” jurnalının nəşr olunduğu dövrün siyasi və ictimai mühitində ən çox mübarizə apardığı məsələnin, dini özünə qalxan edərək insanların vicdani duyğularını istismar edənlərin olduğu diqqətə çatdırıb. Mirzə Cəlil irsinin müasir dövrdə də aktuallıq kəsb etdiyi vurğulanıb.
Sonra məruzə ətrafında çıxışlar olub, suallar cavablandırılıb.