Naxçıvan Dövlət Universiteti payız semestrinin imtahan sessiyasına  hazırdır

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası və qarşıda duran vəzifələrlə əlaqədar iclas keçirilib. İclasda çıxış edən universitetin rektoru Elbrus İsayev imtahana qədər görülən işlərin artıq yekunlaşdığını bildirib. Qeyd edilib ki, imtahanların hansı formada olması müəllimlərin əvvəlcədən kafedra müdirləri ilə birgə razılaşdırılmış qərarı əsasında keçiriləcək. Rektor vurğulayıb ki, imtahanlarda neqativ halların olmasına qətiyyən yol verilməməli, şəffaf və obyektiv dəyərləndirilmə aparılmalıdır.

Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov bildirib ki, artıq müvafiq kafedralarla razılaşdırılmış qaydada imtahanların siyahısı təsdiqlənib və imtahanların hansı formada keçirilməsi müəyyənləşdirilib. Diqqətə çatdırılıb ki, bu il universitetin birinci kursunda təhsil alan tələbələrlə görüş keçirilib, imtahana qədər və imtahanlarla bağlı proseslər haqda onlar ətraflı məlumatlandırılıb. Tələbələr kredit sisteminin qaydaları ilə tanış edilib, imtahana qədərki balların çıxarılma qaydası slaydlar vasitəsilə onlara izah edilib. Prorektor onu da vurğulayıb ki, artıq imtahan cədvəlləri hazırdır, tələbələr imtahan vaxtları ilə əlaqədar yenilikləri elektron qaydada da əldə edə bilərlər. Tələbələr bunun üçün Playstore və ya Applestore platformasından E-cədvəl (NDU ) proqramını endirməklə ətraflı məlumat ala bilərlər.

Səadət Əliyeva

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: