AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilovun “Naxçıvan ədəbi mühitinin yetirməsi: Seyid Səbri” adlı monoqrafiyası işıq üzü görüb.
Seyid Səbrinin həyatı, fəaliyyəti və yaradıcılığı haqqında sistemli araşdırmaların nəticəsi olan yeni nəşr filologiya üzrə elmlər doktoru Hüseyn Həşimlinin elmi redaktorluğu, filologiya üzrə fəlsəfə doktorları-Ramiz Qasımov və Əli Həşimovun rəyi ilə çap olunub.
Monoqrafiyada XX əsrin 20-70-ci illərində Naxçıvan ədəbi mühitində özünəməxsus iz buraxan Seyid Səbri Əsədlinin (1896-1974) həyatı, ədəbi fəaliyyətinin əsas istiqamətləri və bədii yaradıcılığından bəhs olunur.
Əsərdə ilk dəfə olaraq Seyid Səbrinin vaxtı ilə mətbuatda dərc edilən yazıları, bu günədək heç yerdə çap olunmayan lirik və satirik şeirləri, felyetonları və pyesləri tədqiqata cəlb edilib.