2020-ci ildə dünyada dörd Ay tutulması hadisəsi baş verəcək. Bu təbiət hadisələrindən yalınız ikisi Azərbaycanda müşahidə ediləcək. Bütün tutulmalar yarımkölgəli Ay tutulması olduğundan adi gözlə görmək çətin olacaq.
NUHÇIXAN xəbər verir ki, AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, birinci Ay tutulması 2020-ci il yanvarın 10-dan 11-nə keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 21:08-da başlayacaq və 01:12-də sona çatacaq. Tutulmanın maksimumu 23:11-də olacaq. Tutulma hadisəsi Avropa, Asiya, Afrika və Avstraliyada izlənəcək. Lakin adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə ediləcək.
İkinci Ay tutulması 2020-ci il iyunun 5-dən 6-na keçən gecə baş verəcək. Yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 21:46-da başlayacaq və 01:04-də sona çatacaq. Tutulmanın maksimumu 23:26-da olacaq. Hadisəsini Avropa, Asiya, Afrika və Avstraliyada müşahidə etmək mümkün olacaq. Adi gözlə görünməyəcək proses yalnız xüsusi cihazlar vasitəsi ilə izlənəcək. Tutulma hadisəsi Azərbaycanda da müşahidə olunacaq.
İyulun 5-də baş verəcək üçüncü Ay tutulması da yarımkölgəli olacaq. Tutulma hadisəsi 03:07-da başlayacaq və 05:52-də sona çatacaq. Tutulmanın maksimumu 04:31-də olacaq. Təbiət hadisəsini Cənub-Qərbi Avropada, Afrikanın, Şimali Amerikanın əksər hissəsində, Cənubi Amerikada, Sakit, Atlantik və Hind okeanlarında, Antarktidada müşahidə etmək olacaq. Adi gözlə çətin görünəcək. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.
Dördüncü Ay tutulması isə noyabrın 30-da baş verəcək. Bu, 2020-ci ilin axırıncı yarımkölgəli Ay tutulması olacaq. Tutulma hadisəsi 11:32-də başlayacaq və 15:53-də sona çatacaq. Tutulmanın maksimumu 13:44-də olacaq. Təbiət hadisəsi Şimali və Cənubi Amerika, Avstraliya və Asiyanın bəzi bölgələrində müşahidə ediləcək. Adi gözlə müşahidə etmək çətin olacaq. Tutulmanın maksimum fazasında Ay adi bədrlənmiş (dolu) aydan bir az tünd görünəcək. Ay üfüqdən aşağıda olduğuna görə bu hadisə də Azərbaycanda müşahidə edilməyəcək.