Türkiyənin İzmir şəhərində keçirilən “OKSEF-2018" məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiadasında Azərbaycan nümayəndə heyəti də iştirak edib.
Müsabiqənin biologiya kateqoriyası üzrə Avropa-Azərbaycan məktəbinin onuncu sinif şagirdləri Ülvi Cabbarov və Fuad Xasıyev qızıl, həmin təhsil ocağının onuncu sinif şagirdləri Samir Məmmədov, Yasəmən Həsənzadə və Nizami rayonundakı 251 nömrəli orta məktəbin onuncu sinif şagirdi Cavad Cəbrayılov bürünc medala layiq görülüblər.
NUHÇIXAN xəbər verir ki, müsabiqəyə dünyanın 38 ölkəsindən 120 iştirakçı 60 layihə ilə qatılıb. Final mərhələsində ekspert dəyərləndirilməsi ingilis dilində beş dəqiqə poster, 12 dəqiqə slaydla şifahi təqdimatdan ibarət olub. Qiymətləndirmə üzrə hər kateqoriyada dörd beynəlxalq ekspert iştirak edib. Onlar layihəni və müəlliflərin çıxışlarını qiymətləndirib, məktəblilər isə layihə ilə bağlı sualları cavablandırıblar.
Yekunda qaliblərə diplom, medal, sertifikat və xatirə hədiyyələri təqdim olunub.
Müsabiqə çərçivəsində layihə iştirakçılarının təmsil olunduqları ölkələr haqqında qısametrajlı film və milli mədəniyyət nümunələri nümayiş olunub.
Qeyd edək ki, 13 ildir davam edən bu beynəlxalq olimpiadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirməkdir. Həmçinin gənclərin elmi yaradıcılıq imkanlarını inkişaf etdirməkdir. Müsabiqə əvvəlki illərdə ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və digər ölkələrdə təşkil olunub.