Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət musiqi təhsili müəssisələrində vakant vəzifələrin tutulması üçün oktyabrın 18-də elan olunan müsabiqənin test imtahanlarına bu gün start verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Musiqi Kollecində işə qəbul üçün ali təhsil müəssisələrini, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün ali və ya orta ixtisas təhsili müəssisələrini bitirmiş şəxslər iştirak edə bilirlər.
Müsabiqəyə çıxarılan 186 vakant vəzifənin tutulması üçün 61 nəfər sənəd təqdim edib. Test imtahanında hər bir namizədə ümumilikdə 80 olmaqla, müəssisələrdə tədris olunan ixtisaslar üzrə 70, informasiya və kommunikasiya texnologiyalarına aid 10 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 120 dəqiqə vaxt verilir. Uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün test imtahanında hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Namizədlərə test tapşırıqlarının yerinə yetirilməsi üçün 75 dəqiqə vaxt verilir. Hər bir düzgün cavab bir balla qiymətləndirilir.
Naxçıvan Musiqi Kollecinə işə qəbul üçün test tapşırıqlarının 60 faizini (48 bal), uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə işə qəbul üçün 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.
Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılır. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara imtahanının nəticəsinə dair arayış təqdim edilir.
Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir. Test imtahanları 26 dekabr 2019-cu il tarixədək davam edəcəkdir.
Qeyd edək ki, ilk dəfə olaraq 2019-cu ildən dövlət musiqi təhsili müəssisələrinə işə qəbul mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında, elektron proqram təminatı tətbiq olunmaqla test imtahanları vasitəsilə keçirilir. Test imtahanlarının keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin artırılması üçün dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla təmin edilməsidir.