Fransanın Lumiere Lyon-2 Universitetində “Alplar-Qafqaz çarpaz tədqiqatlar - Qafqazın qədim tarixi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq tədbirdə Fransa, ABŞ və İran İslam Respublikasından olan arxeoloqlar və tarixçilər iştirak ediblər.
Konfransda ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə rəhbəri, arxeoloq Abuzər Ələkbərov və Xəzər Universitetinin əməkdaşı Nuridə Atəşi təmsil ediblər.
İnstitutdan NUHÇIXAN-a bildiriblər ki, konfransda Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının Lerik rayonunda apardığı tədqiqatların nəticələrinə dair həmin ekspedisiyanın həmrəhbərləri olan Abuzər Ələkbərov və Lumiere Lyon-2 Universitetinin Dövrlər və ərazilər, incəsənət və arxeologiya tarixi şöbəsinin tədqiqat komissiyasının və elmi şurasının üzvü, qədim Yaxın Şərq arxeologiyası üzrə professor Mişel Kazanovanın məruzəsi dinlənilib. Məruzə Lerik rayonunun Piran kəndi ərazisindəki Kirəvələdi, Cucutuk və Mondigah kəndi ərazisində eyniadlı abidələrdə aparılan arxeoloji qazıntıların nəticələrinə həsr olunub.
A.Ələkbərovun sözlərinə görə, ölkəmizin cənub zonasının aran, dağətəyi və dağlıq ərazilərində aparılan arxeoloji kəşfiyyat və arxeoloji qazıntılar həm Azərbaycan və həm də Fransa tərəfi üçün böyük elmi əhəmiyyət kəsb edir. 2011-2015-ci illərdə tədqiqatlara Arxeologiya və Etnoqrafiya İnstitutu, Lumiere Lyon-2, Sen-Jermendəki Fransa Milli Arxeologiya Muzeyi, Fransa Milli Elmi Araşdırmalar Mərkəzi də qatılıb. Aparılmış arxeoloji kəşfiyyat işlərində yeni abidələr aşkar edilərək xəritələşdirilib və elmi dövriyyəyə gətirilib. 2015-ci ildən başlayaraq Arxeologiya və Etnoqrafiya İnstitutu və Fransanın Lumiere Lyon-2 Universiteti arasında imzalanmış əməkdaşlıq memorandumuna əsasən “Xəzər dənizi hövzəsi Son Tunc - İlk Dəmir dövrü” beynəlxalq elmi layihə üzrə birgə tədqiqatlar gerçəkləşir. Layihə çərçivəsində bu günə qədər Lerik rayonunun Cuni, Tuli, Rəzgov, Mistan, Mastail, Veri, Hoveri, Qusmailiyon, Çayrud, Hamarat və d. kəndləri ərazisində arxeoloji kəşfiyyat işləri aparılıb. Layihə çərçivəsində Fransa tərəfi arxeometrik tədqiqatları öz üzərinə götürüb. Hazırda Lerik rayonundakı Mondigah abidəsinin tədqiqi öz elmi dəyəri və möhtəşəmliyi ilə böyük əhəmiyyət kəsb edir. Müxtəlif tarixi dövrlərə aid təbəqələrdə həm yaşayış məskəninin izləri, həm də dolmenlərdən ibarət nekropol aşkar edilib. Arxeoloqlar tərəfindən abidə çoxtəbəqəli arxeoloji kompleks kimi dəyərləndirilib. Abidədə Son Tunc - Erkən Dəmir dövrünə aid daş qutu qəbirlərin yanında antropomorf daş heykəl aşkarlanıb ki, bu da öz növbəsində Abşerondakı həmdövr kurqanların kameraları yaxınlığında aşkarlanmış daş heykəllərlə eyniyyət təşkil edir.
Konfransda Xəzər Universitetinin əməkdaşı Nuridə Atəşi Son Tunc - Erkən Dəmir dövrü Xocalı-Gədəbəy mədəniyyətinin bəzi aspektləri barədə çıxış edib.
Fransalı arxeoloq Nikolas Geyilhard Naxçıvan ərazisindəki qədim duz dağında aparılan arxeoloji tədqiqatların nəticələrinə həsr edilmiş elmi məruzəni konfrans iştirakçılarına təqdim edib.
Konfransın sonuncu günü Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının nəzərdə tutduğu yeni elmi-tədqiqat layihəsinin müzakirəsi keçirilib.
Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyasının Lerik rayonunun Piran kəndi ərazisində Kirəvələdi, Cucutuk abidələrində, Mondigah kəndi ərazisindəki eyniadlı arxeoloji kompleksdə aparılmış arxeoloji tədqiqatlarla bağlı xüsusi videofilm hazırlanıb. Filmdə arxeoloji abidələrin və arxeoloji qazıntıların 3D formatında təsvirləri öz əksini tapıb. Filmin Fransa mütəxəssislərin iştirakı ilə yaxın gələcəkdə Arxeologiya və Etnoqrafiya İnstitutunda nümayişi planlaşdırılır.