Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində “Sosial-iqtisadi inkişafın təmin olunmasında turizmin rolu” mövzusunda konfrans keçirilib. İstehsalat təcrübəsinin yekununa həsr olunan konfransda Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin Statistika və sertifikatlaşdırma sektorunun müdiri Həsən Kərimov bildirib ki, noyabrın 13-dən “Turizm və otelçilik” ixtisasları üzrə IV kurs tələbələri üçün Naxçıvan Muxtar Respublikasının Turizm Departamentində, eləcə də turoperator və mehmanxanalarda istehsalat təcrübəsi təşkil olunub. Təcrübə ərzində tələbələr ölkəmizdə, o cümlədən muxtar respublikamızda həyata keçirilən dövlət turizm siyasətinin məqsədi və bu sahədə qazanılan uğurlar haqqında biliklərə yiyələnib, turizm fəaliyyəti ilə məşğul olan obyektlərin çoxşaxəli fəaliyyəti ilə yaxından tanış olublar.
Sonra Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığın inkişafı şöbəsinin müdiri Xudakərim Məmmədov, “Naxçıvan” Universitetinin İqtisadiyyat Fakültəsinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Əli Cabbarov çıxış ediblər.
Konfransda muxtar respublikada turizmin inkişafı istiqamətində görülən ardıcıl işlərin gələcəkdə qədim diyarımızın bir turizm məkanı kimi şöhrətini daha da artıracağına əminlik ifadə olunub.
Sonda Naxçıvan Muxtar Respublikasının turizm potensialını əks etdirən videoçarx nümayiş etdirilib.