AMEA-nın ümumi yığıncağı keçirilir - YENİLƏNİB - FOTOLAR
Dekabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində akademiyanın ümumi yığıncağı başlanıb. Ümumi yığıncaqda Azərbaycan Respublikasının Baş Nazirinin müavini Şahin Mustafayev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Təhsil naziri Ceyhun Bayramov və digər hökumət, dövlət və elmi ictimaiyyət nümayəndələri iştirak edirlər.
NUHÇIXAN xəbər verir ki, akademik Ramiz Mehdiyev tədbir iştirakçılarını ümumi yığıncağın gündəliyi ilə tanış edib.
Gündəliyə "Azərbaycan Milli Elmlər Akademiyasının 2020-2025-ci illər üçün inkişaf proqramı", AMEA-nın Nizamnaməsində dəyişiklik edilməsi, AMEA-nın Nizamnamə komissiyasının sədrinin və tərkibinin təsdiq edilməsi və akademiyanın birinci vitse-prezidentlərinin seçkiləri məsələləri daxil edilib.
Sonra gündəlikdə dayanan birinci məsələ ilə bağlı söz AMEA-nın akademik-katibi Əminağa Sadıqova verilib. "AMEA-nın 2020-2025-ci illər üçün inkişaf proqramı"nın əsas müddəalarını iştirakçıların nəzərinə çatdıran AMEA-nın müxbir üzvü Əminağa Sadıqov bildirib ki, təqdim olunan proqram elmi tədqiqatların prioritetlərinin müəyyən edilməsi, struktur islahatlarının aparılması və idarəetmənin təkmilləşdirilməsi, elmi infrastrukturun modernləşdirilməsi, elmin maliyyələşdirilməsinin təkmilləşdirilməsi və s. məsələləri əhatə edir. Elm, təhsil və iqtisadiyyatın inteqrasiyasının gücləndirilməsi, innovasiya fəaliyyətinin genişləndirilməsi və elmi nəticələrin tətbiqi, Azərbaycançılıq ideologiyasının işlənib hazırlanmasında elmin dəstəyinin təmin edilməsi də proqramda yer alan mühüm bəndlərdir.
Proqramın hər bir istiqaməti haqqında ətraflı məlumat verən AMEA-nın müxbir üzvü Əminağa Sadıqov elmi prioritetlərin müəyyənləşdirilməsində dövlətin AMEA qarşısında qoyduğu vəzifələrin əsas prinsip olaraq nəzərə alınması, struktur islahatlarında idarəetmənin ağırlıq mərkəzinin elmi müəssisələrə keçirilməsi, elmin maliyyələşdirilməsində əməyin indeksləşdirilməsi, elm, təhsil və iqtisadiyyatın inteqrasiyasında dünya təcrübəsinin tətbiqi kimi məsələlərə toxunub. Sonra Əminağa Sadıqov proqram çərçivəsində on pilot layihənin həyata keçiriləcəyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Proqram geniş müzakirə olunduqdan sonra qəbul olunub.
Tədbirdə AMEA-nın Nizamnaməsində dəyişikliklər edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. AMEA-nın Nizamnaməsinə bir sıra dəyişikliklərin edilməsi ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edib. O bildirib ki, AMEA-nın Nizamnaməsi Akademiyanın fəaliyyətini tənzimləyən əsas normativ-hüquqi sənəddir. Müstəqillik illərində AMEA-nın ilk Nizamnaməsi 2003-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən təsdiq edilmiş, daha sonra 2014-cü ildə Nizamnamə yenidən işlənərək qəbul edilmişdir. O bildirib ki, hər iki Nizamnamə müstəqillik illərində Akademiyanın inkişafında müstəsna rol oynamışdır.
Akademik İsa Həbibbəyli qeyd edib ki, 2016-cı ildə "Elm haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə əlaqədar, həmçinin Akademiyanın fəaliyyətinin təkmilləşdirilməsindən irəli gələrək Nizamnaməyə bir sıra dəyişikliklərin edilməsi zərurəti yaranıb. Sonra o, dəyişiklikləri yığıncaq iştirakçılarının diqqətinə çatdırıb. Bildirib ki, təklif olunan dəyişikliklər əsasən AMEA-nın strukturunun optimallaşdırılması və idarəetmənin təkmilləşdirilməsi məsələlərini əhatə edir. Burada Akademiyanın daha çevik və effektiv idarə edilməsi üçün yeni mexanizmlər, müasir tələblərə cavab verən hüquqi meyar və prinsiplər nəzərdə tutulur. Müzakirələrdən sonra AMEA-nın Nizamnaməsi edilmiş dəyişikliklərlə yeni redaksiyada qəbul edilib.
Daha sonra AMEA-nın Nizamnamə komissiyası ilə bağlı məsələ müzakirə edilib. Akademik İsa Həbibbəyli komissiyanın sədri seçilib və Komissiyanın yeni tərkibi təsdiq olunub.
Ümumi yığıncaqda akademik İsa Həbibbəylinin AMEA-nın humanitar və ictimai elmlər üzrə birinci vitse-prezidenti, akademik İbrahim Quliyevin təbiət və dəqiq elmlər üzrə birinci vitse-prezidenti vəzifələrinə namizədlikləri irəli sürülüb.