Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən dövlət orqanlarında 225 vakant vəzifənin tutulması üçün sentyabrın 18-də elan olunan müsabiqənin test imtahanları başa çatıb. Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, namizədlərin daha çox sənəd təqdim etdiyi dövlət orqanları sırasında Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (203 nəfər), Dövlət Statistika Komitəsi (95 nəfər), Təhsil Nazirliyi (67 nəfər), Dövlət Sosial Müdafiə Fondu (40 nəfər) və Gənclər və İdman Nazirliyi (34 nəfər) üstünlük təşkil edib.
İmtahan başlamadan öncə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə qanunvericilik üzrə 40, Azərbaycan dili üzrə 15, informasiya texnologiyaları üzrə 15, məntiqi təfəkkürün yoxlanılması üzrə 30 sual olmaqla ümumilikdə 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 2 saat 30 dəqiqə vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə prosesin videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən sonra namizədlərə nəticələrə dair arayış təqdim edilib.
Test imtahanlarının nəticələri, həmçinin Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 574 namizəd sənəd təqdim edib, onlardan 557-si test imtahanında iştirak edib. Test imtahanlarında müvafiq keçid balını toplayan 269 nəfər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb. İnzibati vəzifələrin altıncı təsnifatı üçün keçid balı 75 və 80, yeddinci təsnifatı üçün isə 65 və 70 olub.
Test imtahanından müvəffəqiyyət qazanan namizədlər imtahanın nəticələri elan edildiyi gündən 10 iş günü müddətində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalı vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qanunvericiliyə əsasən müsahibə mərhələsi sənəd qəbulu başa çatdıqdan sonra 30 gün ərzində keçiriləcəkdir.