Ordubad şəhərindəki internat məktəbinin şagirdlərinə bayram sevinci bəxş edilib - FOTOLAR
Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri olub.
NUHÇIXAN xəbər verir ki, tədbir Ordubad Rayon İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Aparıcılar çıxışlarında bildiriblər ki, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini ulu öndərimiz Heydər Əliyev hələ 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının rəhbəri işləyərkən diqqət mərkəzində saxlayıb. Ümummilli Liderimizin rəhbərliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən “31 Dekabr - Dünya Azərbaycan Türklərinin Həmrəylik və Birlik Günü haqqında” Qərar qəbul edilib. Həmin qərarın qəbul edilməsindən sonra bu bayram bütün dünya azərbaycanlıları tərəfindən birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunur.
Çay süfrəsi ətrafında keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı bəhs edib, uşaqları Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından təbrik edib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova, Təhsil naziri Rəhman Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək bildiriblər ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı göstərilir. Onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının və tərbiyəsinin düzgün təşkili, cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarını təmin etmək məqsədilə mühüm tədbirlər həyata keçirilir. Natiqlər uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara təhsillərində, gələcək həyatlarında uğurlar arzulayıblar.
Sonra tədbirdə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən hədiyyələr verilib.
Tədbirin bədii hissəsində M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktyorlarının ifasında səhnəciklər nümayiş etdirilib, Naxçıvan Şəhər Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin üzvləri, nağaraçalanlar ansamblının, vokal qrupunun, “Əlvan çiçəklər” mahnı və rəqs ansamblının, həmçinin digər dərnək üzvlərinin, eləcə də Ordubad rayon uşaq bağçasının fidanlarının bir-birindən maraqlı çıxışları olub.
Şaxta baba və Qar qızın tədbirə gəlişi uşaqların sevincinə səbəb olub. Şaxta baba və Qar qız uşaqlara hədiyyələr paylayıb, onlarla rəqslər edib, əyləniblər. Uşaqlar bayram şənliyindən xoş əhval-ruhiyyə ilə ayrılıblar.
Qeyd edək ki, tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Ebru sənəti” və “Rəsm” dərnəklərinin üzvlərinin sərgisi də maraqla qarşılanıb.