1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətlə əlaqədar olaraq, Naxçıvana lazım olan köməyi göstərə bilmirdi. Məhz belə bir şəraitdə vətənpərvər qüvvələr Naxçıvan bölgəsini erməni təcavüzündən qorumaq üçün 1918-ci il noyabrın 18-də Araz-Türk Respublikasını yaratdılar.
NUHÇIXAN xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində bu barədə danışan Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, Araz-Türk Respublikasının ərazisi Naxçıvan, Şərur-Dərələyəz və Ordubad qəzalarını, Sərdərabad, Uluxanlı, Qəmərli, Vedibasar, Mehri və başqa bölgələri əhatə edirdi. Bir milyon nəfər əhaliyə, 8696 kvadratkilometr əraziyə malik olan respublikanın paytaxtı Naxçıvan şəhəri idi. Araz-Türk Respublikası hökumətinin sədri Əmir bəy Nərimanbəyov, hərb naziri isə İbrahim bəy Cahangiroğlu idi. Yeni hökumət Naxçıvanın daşnak hücumlarından qorunmasında mühüm rol oynadı. Qısa müddətdə Araz-Türk Respublikasının silahlı qüvvələri yaradıldı. Bu hərbi hissələr – könüllü xalq dəstələri 20 tabordan ibarət idi. Türkiyə dövlətinin Araz-Türk Respublikası hökuməti yanındakı daimi hərbi müşaviri Xəlil bəy, Osmanlı qoşunları Azərbaycanı tərk etdikdən sonra Naxçıvan bölgəsində saxlanılan 300-dən çox əsgər və zabit də Naxçıvanın müdafiəsi istiqamətində müəyyən işlər görmüşdülər.
İsmayıl Hacıyev bildirib ki, 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində İrəvan, Ordubad müsəlmanları, yanvarın 2-də isə İrəvan quberniyasının ictimai xadimləri yaranmış ağır vəziyyətlə bağlı Azərbaycan hökumətinə müraciət ünvanlayaraq, tədbirlər görülməsini xahiş ediblər. Ordubad şəhərinin və ətraf ərazisinin müsəlmanlarının Milli Komitəsinin sədri Mir Hidayət Seyidzadə Azərbaycan Xalq Cümhuriyyətinin hökumətinə xəbər verirdi ki, “bəzi kəndlərdə bütün Zəngəzur qəzasının Ermənistana birləşməsi barədə Ermənistan hökumətinin elanları asılıb. Elanlarda birləşmə məsələsi göstərilib. Əgər bunu etməyə gücləri çatmasa, Zəngəzur, Şərur-Naxçıvan və Ordubad qəzalarının bütün müsəlman əhalisini qılıncdan keçirməyi planlaşdırırlar. Erməni daşnakları, bu qəzaları müsəlmanlardan ona görə təmizləmək istəyirlər ki, xalqların gələcək sülh konfransında özlərinin bu yerlərə sahiblik hüquqlarını sübut etsinlər və həmin əraziləri Ermənistan elan etsinlər... Əgər ermənilər bu əraziləri müsəlmanlardan təmizləsələr, sonra gec olacaq. Onda bizim torpaqlarda ermənilər məskunlaşacaq və burada bizim xalqımızın izi də qalmayacaq...”
Naxçıvan əhalisinin bölgənin Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması üçün inadla mübarizə apardığını vurğulayan AMEA Naxçıvan Bölməsinin sədri qeyd edib ki, onların 1919-cu il yanvarın 4-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının sədri Fətəli xan Xoyskiyə ünvanladıqları müraciətdə Naxçıvan, Şərur və Ordubad qəzalarında ermənilərin törətdikləri vəhşiliklər haqqında geniş məlumat verilib. Müraciətdə deyilirdi: “1917-ci ilin dekabr ayından başlayaraq 1918-ci ilin iyun ayına qədər erməni hərbi hissələri tərəfindən İrəvan quberniyasında 200-dən artıq müsəlman kəndi yandırılmış, əhalinin böyük əksəriyyəti öldürülmüş, bir hissəsi isə dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşdur. Müsəlmanların kütləvi şəkildə yaşadıqları İrəvan quberniyasının Sürməli, Eçmiədzin, Şərur qəzaları erməni qoşunları tərəfindən tutulmağa başladığı vaxt dinc müsəlman əhalisinin bir hissəsi öldürülür, bir hissəsi də öz yaşayış yerlərini tərk edərək dağlara çəkilib İran sərhədlərinə keçməyə məcbur olmuşdular ki, burada onları hər dəqiqə ölüm gözləyirdi...” Göndərilmiş bu müraciət Azərbaycan Nazirlər Şurasında və Parlamentində müzakirə edilib və Naxçıvana göstərilən kömək artırılıb.
İsmayıl Hacıyev deyib: “Azərbaycan hökuməti ilə Naxçıvan bölgəsinin əlaqələrinin yaradılmasında və əhalinin problemlərinin həllində mühüm rolu olan təşkilatlardan biri Həmyerlilər Cəmiyyəti idi. Bu cəmiyyət öz nümayəndəsi kimi Mirabbas Mirbağırovu İrəvana, Gəncəyə, Ordubad və Naxçıvana göndərib. Mirabbas Mirbağırov və onunla birlikdə Naxçıvana gələn heyət yerli fəhlələrlə, ingilis general-qubernatoru və xalqın nümayəndələri ilə görüşüb. Fevralın 23-də keçirilən yığıncaqda naxçıvanlılar yekdilliklə mövcud yerli hökuməti tanıdıqlarını bəyan ediblər. Mirabbas Mirbağırov Azərbaycana könüllü birləşmək barədə rəsmi akt tərtib etməyi məsləhət görüb. Siyasi, iqtisadi, hərbi, mülki və mədəniyyət məsələlərinə aid maddələrdən ibarət olan akt hökumətin, Milli Şuranın və əhalinin nümayəndələri tərəfindən imzalanıb”.