AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2020-ci ildə fəsillərin ölkəmizə daxilolma vaxtlarını açıqlayıb.
Rəsədxanadan NUHÇIXAN-a bildirilib ki, bu il yaz fəslinin ölkəmizə qədəm qoyması martın 20-də yerli vaxtla saat 07:49-a təsadüf edəcək və gecə ilə gündüz bərabərləşəcək.
İyunun 21-də saat 01:43-də yay, sentyabrın 22-də saat 17:30-da payız ölkəmizə daxil olacaq. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək.
Qış fəsli isə dekabrın 21-də saat 14:02-də Azərbaycana qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olacaq və Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirəcək.