Akademik Mirəli Qaşqay ölkəmizdə mineralogiya-geokimya və petrologiya-metollogeniya elmi məktəblərinin əsasını qoyanlardan biri olub. Alim Azərbaycanın bir çox bölgələrində geniş geoloji tədqiqat işləri aparıb, filiz və qeyri-filiz faydalı qazıntı yataqlarının geologiyasını və mineralogiyasını hərtərəfli öyrənib. Onun bir çox əsərləri, o cümlədən “Dünya alunit yataqlarının tədqiqi” ikicildlik əsəri ölkə geoloq-mineroloqlarının masaüstü kitabına çevrilib.
NUHÇIXAN xəbər verir ki, yanvarın 7-si dünya şöhrətli geoloq, geologiya-mineralogiya elmləri doktoru, Əməkdar elm xadimi, akademik Mirəli Qaşqayın doğum günüdür. O, 1907-ci ildə Gəncə şəhərində anadan olub. 1912-ci ildə Gəncə gimnaziyasında oxuyub, 1924-cü ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) geoloji-kəşfiyyat fakültəsinə qəbul olub, 1930-cu ildə Zəylik alunit yatağının geoloji-kəşfiyyat işlərinə rəhbərlik edib, 1930-1935-ci illərdə SSRİ Elmlər Akademiyasının (EA) Petroqrafiya İnstitutunun (Sankt-Peterburq) aspiranturasında təhsil alıb. Moskva şəhərində SSRİ Elmlər Akademiyası Geologiya Elmləri İnstitutunun ixtisas komissiyasının iclasında “İstisu mineral bulaqlarının geoloji-petroqrafik və geokimyəvi səciyyəsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
Akademik Mirəli Qaşqay filiz əmələgəlmə proseslərinin bir sıra fundamental problemlərini həll edib. O, nəinki görkəmli alim, həm də bacarıqlı elm təşkilatçısı idi. Mirəli Qaşqay 1938-ci ildə Geologiya İnstitutunun təsisçilərindən biri olub. Onun təşəbbüsü və köməyi ilə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) geoloji-coğrafiya fakültəsi, petroqrafiya, mineralogiya və kristalloqrafiya kafedrası, geologiya və faydalı qazıntılar muzeyi yaradılıb. Uzun illər ərzində o, Geologiya İnstitutunda filiz yataqlarının geokimyası və mineralokimyası şöbəsinə rəhbərlik edib və böyük bir məktəb yaradıb.
Mirəli Qaşqay 1942-ci ildə “Azərbaycanın əsas və ultrahəssas süxurları sahəsində mineraloji-petroqrafik tədqiqatlar” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. O, 1945-ci ildə Azərbaycan Elmlər Akademiyasının (EA) həqiqi üzvü və birinci akademik-katibi vəzifəsinə seçilib, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin professoru olub.
Görkəmli alim Britaniya, İrlandiya və ABŞ mineralogiya cəmiyyətlərinin həqiqi üzvü seçilib. O, 1967-ci ildə sovet nümayəndə heyətinin tərkibində Paquoş Sülh Konfransının işində iştirak edib. Onun “Yeraltı sərvətlərin vəhşicəsinə istismarı haqqında” və “Ərəb şərqi və onun təbii sərvətləri” mövzularında çıxışları o dövrün tərəqqipərvər dairələrində böyük marağa səbəb olub.
Mirəli Qaşqayın Yer elmləri sahəsindəki xidmətləri xaricdə geniş qeyd edilib. Onun elmi əsərləri İngiltərə, İspaniya, Bolqarıstan, ABŞ, Yaponiya, Kanada və başqa ölkələrdə çap olunub, adı görkəmli alim kimi bir çox ölkələrin ensiklopediya və məlumat kitablarına (“Kim kimdir” – Avstriya, “Kim kimdir” – ABŞ, Çikaqo) daxil edilib.
Alim Azərbaycanın hidrokimyəvi rayonlaşdırılmasının əsas prinsiplərini işləyib hazırlayıb və respublikanın bütün ərazisi üzrə beş min metrədək dərinlik istiliyinin yayılma qanunauyğunluqlarını əks etdirən orijinal “Azərbaycanın geotermik xəritəsi”ni tərtib edib. Onun “Zəylik yatağında alunitləşmə və kaolinləşmə”, “Azərbaycanın əsas və ultrahəssas süxurları”, “Azərbaycanın mineral qaynaqları”, “Tərtər çayının yuxarı axarının geologiyası”, “Şuşa rayonunun geoloji-petroqrafik xarakteristikası, mineral qaynaqları və faydalı qazıntıları”, “Listve-nitlər, onların genezisi və təsnifatı” və başqa fundamental əsərləri keçmiş SSRİ-də və bir çox xarici ölkələrdə yaxşı məlum idi. Alim yeddicildlik “Azərbaycan geologiyası” nəşrinin tərtibatçılarından biri olub.
Akademik Mirəli Qaşqayın rəhbərliyi altında geologiya elminin müxtəlif istiqamətləri üzrə 60 namizədlik və 10-dan çox doktorluq dissertasiyası müdafiə edilib. Mirəli Qaşqay keçmiş Sovet İttifaqında Ümumittifaq Mineralogiya Cəmiyyətinin fəxri və həqiqi, Lvov Geologiya Cəmiyyətinin, SSRİ Elmlər Akademiyası Yer Elmləri Bölməsinin nəzdindəki Petroqrafiya Komitəsinin üzvü seçilib. O, “Azərbaycan Sovet Ensiklopediyası” baş redaksiyasının, Terminologiya Komitəsinin, “Sovet geologiyası” və “Azərbaycan SSR EA-nın Xəbərləri” (Yer elmləri seriyası) jurnallarının redaksiya heyətinin üzvü olub.
Görkəmli alim iki dəfə (1945-1962-ci, 1967-1974-cü illərdə) Azərbaycan EA-nın akademik-katibi seçilib.
Tanınmış geoloq Mirəli Qaşqay 1977-ci il aprelin 23-də Bakı şəhərində vəfat edib, Fəxri xiyabanda dəfn olunub.