Mərakeş mətbuatı Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi simpoziumu işıqlandırıb

A- A A+

NUHÇIXAN xəbər verir ki, Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində baş redaktor Əhməd Mitçunun müəllifliyi ilə “Rabatda keçirilmiş simpozium Azərbaycan şairi İmadəddin Nəsiminin həyatından bəhs etmişdir” sərlövhəli məqalə dərc olunub.

Məqalədə bildirilir ki, V Məhəmməd Universitetinin Ədəbiyyat və humanitar elmlər fakültəsi Azərbaycan səfirliyi və Mərakeş-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş elmi simpozium təşkil edib. Tədbirdə Azərbaycan səfiri Oktay Qurbanov, fakültənin dekanı, professor Cəmaləddin əl-Hani, professorlar, ədəbiyyatşünaslar, tədqiqatçılar və tələbələr iştirak ediblər. Səfir Oktay Qurbanov Prezident İlham Əliyev tərəfindən 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edildiyini xatırladıb. O, mədəni, tarixi və dini bağlılığı olan Azərbaycan ilə Mərakeş arasında əlaqələrin səviyyəsini yüksək dəyərləndirib. Professor Cəmaləddin əl-Hani simpoziuma ev sahibliyi etməkdən məmnunluğunu bildirib, Mərakeş və Azərbaycan universitetləri arasında əlaqələrin yaradılmasının və birgə tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb. Tədbirdə çıxış edənlər hər bir azərbaycanlının qəlbində Nəsiminin yeri olmasından, onun yaradıcılığı, həyatı və ölümü, şairin dövründə siyasi və dini mühitdən bəhs ediblər.

Müəllif diqqətə çatdırır ki, Nəsimi təbliğ etdiyi dəyərlər və fikirlər yolunda özünü fəda etmiş məhəbbət şairi olaraq qalmaqdadır. Yüz illər əvvəl Şərq xalqlarının yaddaşına həkk olunmuş dahi şairin əsərləri bu gün də sevilə-sevilə oxunur. Azərbaycanda Nəsiminin zəngin irsinə dair tədqiqatlar aparılması xalqın ona verdiyi böyük dəyərin göstəricisidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: