2019-cu il təhsil sahəsində yeni uğurlarla yadda qalıb - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində kollegiya iclası keçirilib. İclasda nazir Rəhman Məmmədov 2019-cu ildə görülən işlərlə bağlı bildirib ki, ötən müddət ərzində Naxçıvan şəhərində 5 nömrəli, Şərur rayonunda Muğanlı, Kərimbəyli, Xələc, Yeni Havuş, Babək rayonunda Kültəpə, Gülşənabad, Ordubad rayonunda Dəstə, Şahbuz rayonunda Türkeş, Kəngərli rayonunda Böyükdüz kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda Şərur rayonunda Muğancıq Mehrab, Ordubad rayonunda isə Vənənd kənd tam orta məktəbləri üçün binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə 7 mindən çox müəllimin əmək haqqı sentyabrın 1-dən 20 faiz artırılıb.
Təhsilin inkişafında xidmətlərinə görə 5 müəllim “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 6 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 4 müəllim “Tərəqqi” medalı ilə təltif olunub, 1 gənc müəllim Prezident mükafatına, təhsil, idman və incəsənət sahəsində fərqlənən 3 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüb, onların adı “Gənc istedadların Qızıl kitabı”na yazılıb.
Rəhman Məmmədov qeyd edib ki, hesabat dövründə 487 müəllim şahmat fənnini tədris etmək üçün sertifikatla təmin olunub,170 gənc müəllim, 56 gənc kadr vakant vəzifələrə təyin olunub. Əvvəlki illərdə keçirilən diaqnostik qiymətləndirmədə üzrlü səbəbdən iştirak etməyən və ya imtahanlarda keçərli bal toplaya bilməyən müəllimlər diqanostik qiymətləndirməyə cəlb edilib, müəllimlər üçün ixtisasartırma kursları təşkil edilib.
“Pillə-pillə”, “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” və “Naxçıvan tarixi” dərslikləri hazırlanıb, nazirliyin yeni saytı istifadəyə verilib, təhsilin aktual problemlərinə həsr olunmuş konfranslar keçirilib. “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları”, “Dərsdən sonra” layihələrinə start verilib, ali məktəblərdə dərsliklərin müzakirəsi aparılıb, dərsliklərin təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanıb. 2019-cu ildə ümumtəhsil məktəblərində mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə “Mütaliə aylığı” və “Dram müsabiqəsi” keçirilib, “Tariximizi qoruyaq və yaşadaq” aksiyasında 400-dən artıq maddi-mədəniyyət nümunələri toplanıb, Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzində 12 adda innovativ dərnək yaradılıb. Muxtar respublika, respublika və beynəlxalq səviyyəli olimpiadalar keçirilib, inşa yazı və şeir müsabiqələri təşkil edilib, “Vətənpərvərlik” mövzusunda açıq dərslər keçirilib, şagirdlərin hərbi hissələrlə tanışlıq ekskursiyaları təşkil edilib.
Təhsil naziri qeyd edib ki, 2019-cu ilin məzunlarından 1720-si ali, 244-ü isə orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Ali məktəblərə qəbul olanlardan 1192-si ixtisas seçimi zamanı muxtar respublikanın ali təhsil müəssisələrinə üstünlük veriblər. 281 məzun qəbul imtahanlarında 500-700 arası bal toplayıb, onlardan 4-ü Prezident təqaüdünə layiq görülüb. Bununla yanaşı, hesabat dövründə 58 şagird muxtar respublika, 25 şagird respublika fənn olimpiadalarının qalibi olub, 14 şagird isə beynəlxalq riyaziyyat olimpiadasında finala vəsiqə qazanıb. Məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45-i isə fərqlənmə attestatına, ümumi orta təhsil səviyyəsi üzrə isə 69 məzun fərqlənmə attestatına layiq görülüb
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.
Nazirliyin 2020-ci il üçün iş planı təsdiq olunub.
Mədinə Rəhimli