Naxçıvan Dövlət Universitetində 10 ölkədən 800-ə yaxın tələbə təhsil alır - FOTOLAR
Naxçıvan Dövlət Universitetində 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. NUHÇIXAN xəbər verir ki, Universitetin rektoru Elbrus İsayev qeyd edib ki, muxtar respublikada aparılan təhsil strategiyasının uğurlu həllidir ki, Naxçıvan Dövlət Universiteti üçün hər il bir tədris korpusu tikilir və ya əsaslı sürətdə təmir olunaraq elmi-ictimai mühitin ixtiyarına verilir. 2019-cu ilin 14 iyun tarixində universitetin Tibb fakültəsinin qurulması və yüksək maddi-texniki baza ilə təmin olunması göstərilən qayğıya bariz nümunədir.
Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından danışaraq bildirib ki, hal-hazırda muxtar respublikada təhsil alan 900-dən artıq əcnəbi tələbənin 800-ə qədəri Naxçıvan Dövlət Universitetində təhsil alır. Bu tələbələr 10 ölkəni təmsil edirlər. Məhz bu fakta-əcnəbi tələbələrin sayına görə də Naxçıvan Dövlət Universitetinin ölkə universitetləri sırasında seçildiyini vurğulayıb.
Məruzə ətrafında çıxışlar dinlənildikdən sonra qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdıran-rektor ixtisaslı kadrların yetişdirilməsi, gənclərin elmi-tədqiqat işlərinə cəlbi, tədris və elmi-metodik vəsaitlərin müasir dövrün tələblərinə uyğun hazırlanması, 4+1 layihəsi çərçivəsində universitetdə tədrisin ingilis dilində aparılması üçün müvafiq ixtisasların seçilməsi istiqamətində konkret tapşırıqlar verib, yaradılan şəraitdən səmərəli istifadənin vacibliyi vurğulanıb.
Sonda universitetin professor-müəllim heyəti hesabat dövrünün ən uğurlu nəticəsi kimi qeyd olunan Tibb fakültəsinə, orada qurulan avadanlıqlara baxıb, mövcud imkanları dəyərləndiriblər.
Səadət Əliyeva