Yanvarın 14-dən etibarən Windows-7 əməliyyat sisteminin dəstəklənməsi dayandırılacaq. Bununla əlaqədar Microsoft şirkəti Windows-7 əməliyyat sisteminin istifadəçilərinə təzə kompüter almağı məsləhət görür.
NUHÇIXAN xarici KİV-lərə istinadla bildirir ki, şirkət Surface seriyasından olan firma qurğularından istifadə etməyi məsləhət görür. Məqalədə istifadəçilərin tez-tez verdiyi suallara cavab bölməsində dəqiqləşdirilir ki, mövcud kömpüterdə işləyən sistemi yeniləşdirmək əvəzinə yenisini almaq məsləhətdir.
Windows-7 istifadəçilərinin əksəriyyətinə Windows-10 sisteminə keçmək tövsiyə olunur. Bu qurğular daha sürətli, daha yüngül və təhlükəsiz olmaqla bərabər 8 il bundan əvvəl ortaq statistik fərdi kömpüterlərin qiyməti ilə müqayisədə xeyli ucuz başa gəlir.
Şirkətin nümayəndələri bildirirlər ki, Windows-7-nin sadəcə Windows-10 ilə əvəz edilməsi məsləhət deyil, çünki bəzi komponentlər və drayverlər düzgün işləməyə bilər.
Windows-7 sisteminin istifadəçiləri köhnə kompüterlərdə Windows-10 sisteminə keçəndə həqiqətən bu cür çətinliklərlə üzləşirlər. Məsələn, kart oxuyucu qurğular və ya barmaq izlərinin skanerləri işləməyə bilər.
Adi istifadəçilər üçün Windows-7 sisteminin dəstəklənməsi 2020-ci il yanvarın 14-də başa çatır. Statistik məlumata görə, hazırda dünyada Windows-7 sisteminin istifadəçilərinin sayı 400 milyona yaxındır.