Naxçıvan Müəllimlər İnstitutunda 2019-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
NUHÇIXAN xəbər verir ki, İnstitutun prorektoru Azad Novruzov bildirib ki, 2019-cu ildə tələbə qəbul planı artırılıb, üç yeni ixtisasa (İngilis dili müəllimliyi, Tarix müəllimliyi, Psixologiya) qəbul aparılmaqla bakalavr səviyyəsində kadr hazırlığı aparılan ixtisasların sayı on birə çatdırılıb. Yaradılmış şəraitə görə növbəti tədris ilində bakalavriat səviyyəsi üzrə qəbul planının 370-dən 430-a qaldırılması, əvvəlki ixtisaslarla yanaşı “Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, “İnformatika müəllimliyi”, “Musiqi müəllimliyi”, “Texnologiya müəllimliyi”, “Fizika müəllimliyi” ixtisasları da qəbul planının layihəsinə əlavə olunub. Növbəti tədris ilindən magistratura səviyyəsi üzrə də əvvəlki ixtisaslarla yanaşı “ Riyaziyyat müəllimliyi” və “Təsviri incəsənət müəllimliyi” ixtisaslarına qəbul aparılması planlaşdırılıb.
İlk dəfə olaraq 2019-cu ildə Naxçıvan Müəllimlər İnstitutunda doktorant və dissertant hazırlığına icazə verilib, 5 ixtisas üzrə 10 yerə qəbul elan edilib.
2019-cu ildə İnstitut əməkdaşlarının çap olunan kitab, kitabça, monoqrafiya, məqalə, tezislərinin sayı ümumilikdə 384 olub. 2019-cu ildə elmi-metodiki məqalələrlə yanaşı əməkdaşlar ənənəvi və elektron mətbuatda 200-dən artıq çıxış ediblər. İnstitutda 5 respublika və regional səviyyəli konfrans keçirilib. İnstitut səviyyəli elmi konfransların sayı isə 12 olub.
Məruzə ətrafında çıxışlarla müşavirə öz işini başa vurub.