Azərbaycan dilçiliyinin əsaslı mənbələrinə görə dilimizin ilk elmi qrammatikasının tarixinin başlanğıcı XIX əsrin əvvəllərində yaşayıb-yaratmış Mirzə Kazımbəyin adı ilə bağlıdır. Lakin son apardığımız araşdırmalar göstərir ki, dilimizin qrammatikasının tarixi daha qədimlərə gedib çıxır. Hələ ki, son tədqiqatlar Vatikanın arxivində qorunub-saxlanan, I Şah Abbasın dövründəki Azərbaycan dilini əks etdirən bir qrammatika kitabı üzərində dayanır. Bu, bir neçə dil bilən, hüquqşünaslıq, klassik dillər, musiqi və poeziya üzrə yüksək təhsil görmüş fransız əsilli italyan aristokratı və səyyahı Pietro Della Vallenin 7 kitabdan ibarət “La Grammatica turca” əsəridir.
NUHÇIXAN xəbər verir ki, bu fikirlər AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi filologiya üzrə fəlsəfə doktoru Xədicə Heydərovanın “XVII əsr Azərbaycan dilinin qrammatikası” məqaləsində yer alıb.
Azərbaycan dilinin qrammatikasından bəhs edən bu kitab həm dövrünün, həm də sonrakı əsrlərdə bir çox Avropa və türk tədqiqatçılarının müraciət etdikləri tədqiqat mənbəyi idi. Təəssüf ki, Azərbaycanda bu əsər elm və ictimaiyyət aləminə məlum olmayıb. Təvazökarlıqdan uzaq olsa da, həmin əsərin ilk araşdırmaçısı kimi onu deyə bilərəm ki, bu qiymətli əsər Azərbaycan dilinin qrammatikasının daha əvvəllər tədqiqata cəlb olunduğunu, dilimizin hələ XVII əsrin əvvəllərindən elmi qrammatikaya sahib olduğunu sübuta yetirir və əsrlərboyu yaşayan dilimizin zənginliyindən xəbər verir.
Pietro Della Valle 1617-1623-cü illər arasında Səfəvilər dövlətində Vatikan tərəfindən göndərilmiş missioner qismində yaşamışdır. O, ilk dəfə saraya girəndə Şah Abbas ona təmiz türk dilində “xoş gəldin, səfa gəldin” demişdir. Pietro şaha tərcüməçisi olmağı təklif etmiş və təklifi qəbul edildikdən sonra şahın sarayında 1623-cü ilin fevralına qədər fəaliyyət göstərmişdir. O, ivrit, latın, ərəb, fars və türk dillərini gözəl bilmiş, şairlik qabiliyyəti olduğu üçün fars, ərəb, türk, italyan, ispan dillərində tərcüməli şeirlər yazmağa cəhd göstərmiş, hətta Hafizin şeirlərini şərh etmişdir. 1617-ci ildə hələ İstanbulda ikən səyyahın şair təbi ilə italyan dilində qələmə aldığı və qarşısında türkcə transkripsiyasını verdiyi şeirlərindən bir parçaya diqqət edək (mənbə: Nevin Özkan. Pietro Della Valle, Osmanlı topraklarında bir italyan gezgin (Roma 1586 – 1652) Pietro Della Valle – Onyedinci yüzyıla ait bir not. Ankara Üniversitesi Dil ve tarih-coğrafya fakültesi dergisi 46, 1 (2006) 1-16. s. 10):
Del pastor figlia sua Ciupàn khizì Çoban qızı Dell´occhio mio luce sua Ghiozùm nurì Gözüm nuru Vieni, fermati qui Ghiel, dur bundà Gəl, dur burda Dell´ombra nel sotto suo Ghiulghiè altundà Kölgə altında |
Quivi (è) fresca Bundà tazè Burda tazə Ombra, e fontana Ghiulghè, ve cescmè Kölgə, və çeşmə Chiara distilla, Safie acàr Safi axar Quivi rosaio, Bundà ghiulzàr Burda gülzar |
Maravigliosi gridi Ageb ifgàn Əcəb əfqan Rossignuol cominciante Bulbùl basclàn Bülbül başlan Noi giaceremo Biz iatalùm Biz yatalum Insieme dormieremo Bile uialùm Birlikdə uyuyalum |
Adesso (è) tempo Scemdi zemàn Şimdi zaman Che tu (se´) giovane Chi sen giuàn Ki sən cavan Quando vecchia sarai Haciàn cogià sen Haçan qocalsan Amante non troverai Ascic bulmásen Aşiq bulmazsan |
Yuxarıdakı türkcə şeirlərdə səyyahın dilinin hələ tam təkmilləşmədiyi hiss olunur.
Della Valle öz əsərlərində Azərbaycan dilində işlənən söz və ifadələr üçün müəyyən transkripsiya tətbiq edib: Sciah Abbas muradi virsun, sciorba, qizilbasci, chisc misc, begum, chanum, giuàn, dervisc və s. İtalyan dili və tələffüzü üçün nəzərdə tutulmuş bu transkripsiyanın tədqiqata ehtiyacı var.
Onun əsərlərinin əksəriyyəti dövrün ənənəsinə uyğun olaraq məktublardan ibarət səyahətnamə şəklindədir. Della Valle ümumilikdə Romaya Osmanlı İmperiyasından 10, Səfəvi Dövlətindən 18 və Hindistandan 8 məktub göndərib. Bunların əksəriyyəti elə Dalle Vallenin sağlığında, hətta ölümündən 10 il sonra (Viaggi di Pietro Della Valle, il Pellegrino, Roma 1662) Romanın “Mascardi” Nəşriyyat evində çap olunsa da, müəllifi olduğu “Türk dilinin qrammatikası” (“La Grammatica turca”) əsəri, əfsuslar olsun ki, işıq üzü görməyib. Avropada Şərqin tanıdılması ilə bağlı Vallenin fəaliyyətini və rolunu araşdıran Piter Bitenholz qeyd edir ki, müasir türk dili daşıyıcıları böyük təəssüf hissi keçirməlidirlər ki, bu cür yüksək səviyyədə işlənmiş qrammatika kitabı hələ də nəşr olunmamışdır (Peter G. Bietenholz, Pietro della Valle (1586-1652). Studien zur Geschichte der Orientkenntnis und des Orientbildes im Abenlande, Basel und Stuttgart 1962, s. 81). Həmin kitab ilk dəfə XIX əsrdə Beynəlxalq Şərqşünaslar Konqresində məşhur türkoloq Ettore Rossi tərəfındən elm aləminə tanıdılıb (Rossi Ettore, “Importansa dell’inedita grammatica turca di Pietro Della Valle”, Atti del XIX. Congresso Internazionale degli Orientalisti, Roma 1938, s. 202-209).
Della Vallenin nəşr olunmamış qeydləri və müxtəlif sənədlər Vatikan Kitabxanası və İtaliyanın Modena Bələdiyyəsinin arxivlərində saxlanılır (bax. Rossi, RSO, XXII, 92-98).
Maraqlı faktlardan biri odur ki, Vatikan tərəfindən missioner kimi şərq ölkələrinə göndərilən Pietro Della Valle Şah Abbasla çox gözəl münasibətdə olub və Vatikana göndərdiyi “Delle conditioni di Abbas re di Persia” (İran şahı Abbasın şərtləri haqqında) adlı kiçik kitabında ona xüsusi hörmət və ehtiramla yanaşdığına, şahı çox müdrik və adil hesab etdiyinə görə, Roma senzurası tərəfindən bu kitabın çapına icazə verilməyib (Vitalone Mario. Il Diario di viaggio in Persia di Pietro della Valle: un confronto con le Lettere. s. 3).
Dalle Valle 1614-cü ildə İstanbula gəlib, qrammatika kitabını yazmağa elə orada olarkən başlayıb, lakin osmanlı dilində türk sözlərinin azlığını görüb. 1617-ci ildə İsfahan, Mazandaran və Gilana üz tutan səyyah 1623-cü ilə qədər Səfəvilər dövləti ərazisində yaşayıb. O, qrammatika kitabını 1621-ci ildə İsfahanda bitirib.
1643-cü ilin avqust ayında öz missioner səfərindən İtaliyaya qayıdan Pietro kitabı haqqında Roma senzurasına məlumat verir. Senzura tərəfindən təyin edilmiş Padre Macio “mən dinə və mənəviyyata zidd bir şey görmədim” (Et nihil in eo repperi, quod fidei, aut bonis moribus adversetur) sonluğu ilə bitən bir rəy verir. Lakin əsər yenə nəşr olunmur.
Ömrünün sonlarını Pietro, demək olar, cəmiyyətdən təcrid olunmuş şəkildə keçirib. Pietro Della Vallenin ölümündən sonra 1652-ci ildə kitabın əlyazması onun varisi Markiz Del Bufaloya çatır. O isə öz növbəsində qrammatikanı Papa XI Klimenteyə təqdim edir. 1718-ci ildə Papa XI Klimente “Vat. Turco 40” kimi tanınan bu kitabı müəllifin digər 8 əsəri ilə birlikdə Vatikan Apostol Kitabxanasına verir. Qrammatika kitabı 1900-cü ilə qədər diqqətdən kənarda qalır. Məşhur şərqşünas Ettore Rossi tərəfindən yenidən kəşf edilən bu elmi əsərin yüksək keyfiyyəti alimi heyran edir və 1935-ci ildə o, şərqşünasların konvensiyasında bu barədə elmi ictimaiyyətə məlumat verir.
2017-ci ildə keçirilmiş Beynəlxalq Türk Dili Tədrisi Konfransında (noyabr) yer almış Nevin Özkan və Raniero Speelmanın müəllifi olduğu “İtalyan tələbələri və türkcə təhsil: XVI və XVIII əsrlər arası dövrlərdə dərslər. Tarixdən bir nümunə: Pietro Della Valle” adlı konfrans materialında bu qrammatika kitabı haqqında ətraflı məlumat öz əksini tapmışdır (Nevin ÖZKAN, Raniero SPEELMAN. Italiani studenti e studiosi del turco: lezioni tra il cinque e il settecento. Un esempio storico: Pietro Della Valle. Uluslararası İtalyanca Dil Öğretimi Konferansı. Rumelide Dil ve edebiyat araştırmaları dergisi. Journal Of Language And Literature Studies. S. 50-59).
Burada göstərilir ki, Pietro Della Valle kitabını türk dili dərsliyi kimi tərtib etmişdir. Girişdə türk dilini öyrənməyin əhəmiyyətindən bəhs edən, üç əsas dili müqayisə edən Valle 38 səhifədən ibarət I Kitabın əvvəlində, türk dilinin fonetikası, səslərin tələffüzü, transliterasiya və əlifbanın quruluşunu verir. Ardından saitlərin tələffüz xüsusiyyətlərini izah edir.
II Kitab 60 səhifədən çoxdur. Burada isim, sifət və feildən bəhs olunur. Sözlərin sonluqlarındakı səslərin dəyişməsi, sifətin müqayisə və üstünlük dərəcələri haqqında məlumat verilir. بِلْمَكْ Bilmək feilindən danışarkən kök olaraq əmr şəkli göstərilir بِلْ Bil , düzəltmə olaraq بِلِشْ Biliş sözü misal gətirilir.
Başqa bir nümunədə “qalxan” və ya “təkər” mənasını verən ərəb mənşəli تَرسْ Tərs sözündən yaranan تَرسْخَانَه (tersħāne) Tərsxanə (qalxan evi) mürəkkəb sözünü göstərir.
Valle burada rəqəmlərə, hesablamalara və əbcəd hesabına ayrıca diqqət yetirir.
III Kitab ən qısa olub 11 səhifədən ibarətdir: əvəzliklərin növləri haqqında əyani misallarla məlumat verilir.
IV Kitab (50 səhifədən çox) feillərə həsr olunub. Valle sadə feilləri düzəltmədən fərqləndirir, -maq, -mək şəkilçili məsdərlərdən çoxlu miqdarda misallar gətirir.
V Kitab 34 səhifədən ibarət olub feillərin inkarı, qarşılıq, icbar növləri və köməkçi feillər, indiki zaman haqqında geniş məlumat verilir.
VI Kitabda (30 səhifə) zərf, Vallenin türk dilində zəngin olduğunu qeyd etdiyi nida və şəkilçilər təhlil edilir.
Sonuncu 40 səhifəlik VII Kitab cümlə quruluşu haqqındadır.
Pietro Della Vallenin bu əsəri (La Grammatica turca. di Pietro Della Valle (1586-1652) contenuta nel manoscritto Vaticano Turco 40 della Biblioteca Apostolica Vaticana) həm tarixi qrammatika baxımından, həm də Azərbaycan dilinin elmi qrammatikasının tədrisinin tarixi nöqteyi-nəzərindən olduqca böyük əhəmiyyət daşıyır. Vatikanın kitabxanasından onun tapılaraq üzünün çıxarılması və ölkəmizdə italyan mütəxəssisləri tərəfindən tərcümə edilərək nəşr edilməsi çox vacibdir. Burada xüsusilə qeyd etmək lazımdır ki, Vallenin Şah Abbasla bağlı məktublarının da Azərbaycana üzünün çıxarılaraq gətirilməsi tariximizin öyrənilməsinə yeni faktlar gətirə bilər.