Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun alimlərinin məqaləsi dünyanın nüfuzlu “Geoheritage” jurnalında dərc olunub.
AMEA-dan NUHÇIXAN-a bildirilib ki, “Naxçıvan Muxtar Respublikasında “İlandağ” geoparkının yaradılmasının texniki-iqtisadi əsaslandırılması” sərlövhəli məqalənin müəllifləri institutun Geotektonika və regional geologiya şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, İnnovativ layihələrin koordinasiyası şöbəsinin rəhbəri Vaqif İbrahimov, Hövzə modelləşdirilməsi və geotexnologiyalar şöbəsinin aparıcı elmi işçisi Tofiq Rəşidov, Geotektonika və regional geologiya şöbəsinin mühəndisi İlkin Kəngərlidir.
Məqalədə qeyd olunur ki, əsas vəzifələri geoloji təbiət abidələri və müxtəlif növ geoloji irs obyektlərinin qorunub saxlanılması, geniş ictimaiyyət arasında geoloji və ekoloji biliklərin təbliği və populyarlaşdırılması, həmçinin ərazinin dayanıqlı inkişafının təmin edilməsindən ibarət olan geoparkların yaradılması üçün ölkəmizdə bir neçə ərazi mövcuddur.
Bildirilir ki, UNESKO-nun müəyyən etdiyi 4 meyar baxımından ölkəmizdə geoparkın yaradılması üçün ən perspektivli ərazi Naxçıvan Muxtar Respublikasının Şahbuz-Ordubad regionudur. Ərazi landşaft və bioloji rəngarəngliyi, müxtəlif balneoloji xassəli termal və mineral bulaqları, relyefdə ifadəsini tapmış mürəkkəb maqmatik və struktur formalar, tarixi-mədəni və arxeoloji abidələrlə zənginliyi ilə seçilir. Burada 150-dən çox unikal və nadir rast gəlinən geoloji obyekt aşkar edilib. Ərazidə tarixi-mədəni irsə aid 400 memarlıq və 280-dən çox arxeoloji abidə yerləşir, bioloji müxtəlifliyi ifadə edən 3 min bitki, 373 heyvan və 226 quş növü yayılıb. Nadir geoloji obyektlər sırasında maqmatik gümbəz və massivlər (İlandağ, Əlincə, Gal, Gendaş, Bərdik, Xanağa lakkolitləri), mağaralar (Əshabi-Kəhf, Qazma, Havuş və s.), ekzotik qayalar (Papaqdaş, Oğlan-Qız, Gəlinqaya və s.) və zirvələr (Gilanqala, Qamırqala, Nəhəcir, Gəmiqaya və s.) xüsusi yer tutur.
Vurğulanır ki, texnika və texnologiyanın yüksək inkişaf etdiyi bir dövrdə Naxçıvan ərazisi nadir təbii obyektləri qorumaq baxımından orijinal məkandır. Diyarın tektonik-maqmatik, tarixi-dağ-mədən, filiz-petroqrafik, nadir hidroloji və hidrogeoloji obyektləri bitib-tükənməyən sərvətdir. Burada, həmçinin dünya üzrə tanınan mineral sularının analoqları təbii yolla yer səthinə çıxır və ya buruq quyuları vasitəsilə çıxarılır.
Qeyd edək ki, Geologiya və Geofizika İnstitutunun alimlərinin elmi məqaləsi Naxçıvanda yerləşən şəlalələrin, geoloji obyektlərin, qaya və mağaraların foto və diaqramları ilə müşayiət olunur.