Yanvarın 17-də ümumi təhsil müəssisələrində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş xüsusi dərslər keçirilir.
Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, bu qurumun müvafiq əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin tədbirlər planı”na əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsinə xidmət edir.
Bundan əlavə, təhsil müəssisələrində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş kitab, foto və rəsm sərgisinin, ədəbi-bədii kompozisiyaların təşkili, konfrans, seminar, mühazirə və dəyirmi masaların da keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ənənəvi olaraq, 20 Yanvar hadisələrinin ildönümü ərəfəsində təhsil işçiləri, şagird və tələbələr şəhidlərin xatirəsinə ucaldılmış abidələri, Şəhidlər xiyabanını ziyarət edirlər.