Naxçıvan Bölməsində “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda konfrans - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsində 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “Tariximizin şərəfli və qəhrəmanlıq səhifəsi” mövzusunda elmi konfrans keçirilib.
AMЕA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a verilən məlumata görə, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin 13 dekabr 2019-cu il tarixində “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” imzaladığı Sərəncamda faciənin mahiyyətinin geniş qeyd edildiyini deyib. Bildirib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqına qarşı törədilmiş ən qanlı hadisələrdən biridir. Bu faciənin törədilməsinin müxtəlif səbəbləri var idi. Bu hadisələrin arxasında müəyyən qüvvələr dayanırdı.
Alim 30 il öncə müasir tariximizə faciəli, eyni zamanda qəhrəmanlıq səhifələrindən biri kimi yazılan Qаnlı Yаnvаr hаdisəsi zamanı Azərbaycan xalqının səsinin heç yerə çatmadığı bir vaxtda ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək törədilmiş qırğını sərt tənqid etdiyini və etiraz səsini bütün dünyaya çatdırdığını bildirib. Qeyd edib ki, ulu öndərin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra bu hadisələrə siyasi-hüquqi qiymət verilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 Yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.
Bildirib ki, faciə qurbanlarının əziz xatirəsini həmişə uca tutan Prezident İlham Əliyev onların adlarının əbədiləşdirilməsi, şəhidlərimizin ailə üzvlərinə maddi və mənəvi qayğı göstərilməsinə diqqətlə yanaşıb.
Daha sonra AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ümummilli lider Heydər Əliyev və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsi”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanovanın “20 Yanvar ərəfəsində Azərbaycanda ictimai-siyasi vəziyyət” və həmin institutun Antik və orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilovun “20 Yanvar faciəsi-insanlığa qarşı cinayət” mövzusunda elmi məruzələri dinlənilib.