Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin professoru Anar Kərimovun “Azərbaycanca-farsca lüğət”i işıq üzü görüb.
NUHÇIXAN xəbər verir ki, yeni nəşr Azərbaycan şərqşünaslığı tarixində ilk irihəcmli lüğətdir. “Qanun” nəşriyyatında çapdan çıxmış 1944 səhifəlik kitaba təxminən 140 min söz, söz birləşməsi və cümlə daxil edilib.
Müəllif lüğəti tərtib edərkən müxtəlif sahələrə aid lüğətlərlə yanaşı, müasir fars dilində nəşr olunan qəzet və jurnallar, müasir dövr farsdilli yazıçıların əsərlərinə də müraciət edib. Lüğətdən fars dilini dərindən öyrənmək istəyən, fars dili üzrə tərcümə ilə məşğul olan hər bir şəxs istifadə edə bilər.
Qeyd edək ki, Anar Kərimov 2004-cü ildə filologiya üzrə fəlsəfə doktorluğu, 2010-cu ildə isə filologiya üzrə elmlər doktorluğu dissertasiya işlərini müdafiə edib. “Azərbaycanca-farsca lüğət” professorun sayca on üçüncü kitabıdır.