Elm elə bir ciddiyətdir ki...
Ömrünü elmə həsr etmək, elmin könüllüsü olmaq heç də sadə hadisə deyil. Elm yolunda dayanmadan, gecə-gündüz çalışmaq, yeniliklər ortaya qoymaq, dünyada gedən prosesləri izləmək lazımdır. Tarix elmi ilə məşğul olmaq isə yalnızca bu gün üçün deyil, gələcək üçün də məsuliyyət daşımaq deməkdir. Bu məsuliyyətin ağırlığını daim çiyinlərində daşıyan AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan tarixinə aid obyektiv, tutarlı, ciddi və fundamental problemlərin tədqiqatçısıdır.
Vətənpərvərlik hər bir alimin əsas amalı olmalıdır
Elm özü tək olduqda hətta böyük nailiyyətlərə yol açsa belə, yarımçıq olur. Ancaq elm həm də vətənpərvərliklə bütövləşərsə, bax, o zaman tamamlanır. Çoxşaxəli elmi yaradıcılığı ilə yanaşı, ictimai fəaliyyəti ilə də seçilən, Azərbaycan həqiqətlərini elmi məqalələrində, kitablarında bütün dünyaya catdıran görkəmli alimin yaradıcılıq irsində Azərbaycançılıq məfkurəsi əsas prioritetdir.
Akademik İsmayıl Hacıyev dövlətçilik tariximizin tədqiqinə dair sanballı əsərlərin müəllifi olmaqla bərabər, həm də erməni saxtakarlıqlarının ifşası istiqamətindəki ciddi elmi monoqrafik tədqiqatları və bir çox uğurlu elmi təşəbbüslərilə yadda qalan alimlərdəndir.
Onun elmi fəaliyyətində ulu öndər Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti, Azərbaycanın milli dövlətçilik tarixində Naxçıvanın yeri və rolu, Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan, Araz-Türk Respublikasının tarixi, 1941-1945-ci illər müharibəsində Azərbaycanın ictimai-siyasi və mədəni həyatı, Naxçıvan bölgəsinin ərazi taleyi, sosial-iqtisadi tarixi, mədəni inkişafı, görkəmli yetirmələri, ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri, törətdikləri soyqırımları, Azərbaycanın itirilmiş tarixi torpaqları kimi məsələlər mühüm yer tutur. Naxçıvan tarixi çoxcildliyi, Naxçıvanın tarixi atlası kimi fundamental nəşrlərin müəlliflərindən biri olan akademik Naxçıvanın müasir dövr sosial-iqtisadi və mədəni inkişafının da əsas tədqiqatçılarındandır. O, muxtar respublikada təşkil edilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumların da fəal təşkilatçısı və iştirakçısı olmuş, Naxçıvan həqiqətlərinin geniş aeralda tanıdılmasında fəallıq göstərmişdir.
“Tarixini bilməyənin coğrafiyasını başqaları çəkər” ideyasına sadiq qalan akademik İsmayıl Hacıyev həm də yorulmaz pedaqoqdur və müəllimdir. O daim müəllim adını hörmətlə daşıyıb. Yetişdirdiyi tələbələrinə tariximizi öyrədib, bu elmin ziyasına toplananlara tarix elminin mahiyyətini izah etməkdən yorulmayıb. Bu gün akademik İsmayıl Hacıyevin davamçıları tarix elminin öyrənilməsi istiqamətində ciddi tədqiqatlarla məşğul olurlar.
Gənclərin böyük dəstəkçisi
AMEA Naxçıvan Bölməsində mövcud olan elmi potensial Naxçıvanın hərtərəfli öyrənilməsinə şərait yaradır. Bütün bunlarla yanaşı, AMEA Naxçıvan Bölməsində də gənclərin elmə cəlb edilməsi prosesi uğurla həyata keçirilir. AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin rəhbərliyi ilə elmə yeni addım atan gənclərə yüksək qayğı göstərilir.
Bölmənin gənc kadrları müxtəlif beynəlxalq konfranslarda, qrant layihələrdə və proqramlarda uğurla iştirak edirlər. 18 noyabr 2013-cü ildə təsis olunan və fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsinin Gənc Alim və Mütəxəssislər Şurasında yaşı 40-dək olan 55 alim və mütəxəssis fəaliyyət göstərir. Onlardan 12 nəfərinin elmi dərəcəsi və elmi adı vardır. Digər əməkdaşlarsa doktorant və ya dissertantlardırlar.
Mənalı ömür yolu
Qısa təqdimat:
“69 il bundan əvvəl - 1951-ci il yanvar ayının 21-də Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Xanağa (indiki Xanəgah) kəndində anadan olan İsmayıl Hacıyev 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ildə tarix üzrə fəlsəfə doktoru, 1999-cu ildə tarix üzrə elmlər doktoru elmi dərəcələrini, 2004-cü ildə professor elmi adını almışdır. 2003-cü ildə AMEA-nın həqiqi üzvü seçilmişdir. İsmayıl Hacıyev əmək fəaliyyətinə 1974-cü ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunu Xoşkeşin kənd məktəbində müəllim kimi başlamış, 1978-ci ildən Naxçıvan Dövlət Pedaqoji İnstitutunda (indiki NDU) müəllim, dekan müavini, elmi işlər üzrə prorektor, tədris işləri üzrə prorektor vəzifələrində çalışmışdır. 2003-cü ildə AMEA Naxçıvan Bölməsinin sədri və AMEA Rəyasət Heyətinin üzvü seçilmişdir. Alimin elmi tədqiqatlarının əhatə dairəsi çoxşaxəli olub, Vətən tarixinin müxtəlif maraqlı və mürəkkəb sahələrini əhatə edir”.
İ. Hacıyev 50-dən artıq kitab və monoqrafiyanın, 400-dən çox elmi məqalənin müəllifidir. Onun elmi rəhbərliyi və müəllifliyi ilə ümumiləşdirici, fundamental əsərlər, ensiklopediyalar, atlaslar işıq üzü görmüşdür: Naxçıvan ensiklopediyası (2 cilddə), Naxçıvan abidələri ensiklopediyası (Azərbaycan və ingilis dillərində), Naxçıvan tarixi atlası, Naxçıvan tarixi (3 cilddə).
Kadr hazırlığı sahəsində ciddi işlər görən akademikin rəhbərliyi altında 30-dan çox fəlsəfə və elmlər doktoru elmi dərəcələr almış, müdafiə etmişdir.
Ölkə Prezidentinin sərəncamları ilə Milli Ensiklopediya və Dövlət Mükafatları Komissiyasının üzvüdür. AMEA Naxçıvan Bölməsi nəzdində fəaliyyət göstərən doktorluq dissertasiyası şurasının sədri, Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının baş redaktorudur.
İsmayıl Hacıyev II Çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (2000-2005), III-IV Çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2005-2015) kimi də ictimai fəaliyyət göstərmişdir.
Tarixçi alim elmi-pedaqoji sahədə xidmətlərinə görə bir sıra dövlət mükafatlarına, müxtəlif elmi və fəxri adlara, o cümlədən Azərbaycan Respublikasının “Əməkdar Elm xadimi” fəxri adına, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubiley medalı”na, Y. Məmmədəliyev mükafatına layiq görülmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Azərbaycanın Dövlətçilik Tarixində” kitabına görə İsmayıl Hacıyevə Naxçıvan Muxtar Respublika mükafatını təqdim etmişdir.
Bu gün görkəmli alimimizin doğum günüdür. AMEA Naxçıvan Bölməsinin əməkdaşları adından akademik İsmayıl Hacıyevi təbrik edir, ona möhkəm can sağlığı, faəl yaradıcı güc arzulayırıq.
Nərgiz İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru