Dövlət İmtahan Mərkəzi (DİM) yanvarın 26-da doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı keçirəcək.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, namizədlərin imtahanda iştirakı üçün qeydiyyat başa çatıb, 1382 namizəd ingilis dili, 61 namizəd fransız dili, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 2019-cu il 13 noyabr tarixli 443 nömrəli Qərarına əsasən, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar. 2020-ci il yanvarın 13-dən 15-dək DİM-ə sertifikatını təqdim etmiş 35 namizəd xarici dil imtahanından azad olunub.
Namizədlərin xarici dil imtahanı ərəfəsində öz bilik səviyyələrini yoxlamalarına imkan yaratmaq məqsədilə yanvarın 18-də doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanının modeli əsasında keçirilən elektron sınaq imtahanında namizədlər test tapşırıqlarını cavablandırmaqla yanaşı, təqdim edilmiş sərbəst mövzular əsasında esse də yazıblar. İmtahanda iştirak edən 307 namizəddən 139-u (45,3 faizi) yazı blokuna qoyulan 20 faiz minimal bal tələbini ödəyərək 2 və daha yuxarı bal əldə edib. Təəssüf ki, sınaq imtahanı iştirakçılarından 171 nəfəri (55,16 faizi) yazı bloku üzrə minimal tələbi ödəyə bilməyib və ya esseni ümumiyyətlə yazmayıb. Sınaq imtahanı verən namizədlərdən cəmi 1 nəfəri maksimal bal (10 bal) toplayıb, 3 nəfəri 9,5 bal, 1 nəfəri isə 9 bal nəticə əldə edib. Ümumilikdə 67 nəfər (21,61 faiz) yazı bloku üzrə 50 faiz və ya daha yuxarı nəticə əldə edə bilib. Bir çox namizədlər esseni tələb olunan 200-250 sözdən az həcmdə yazıb, bəziləri mövzudan kənara çıxıb, bəziləri isə aydın və anlaşıqlı olmayan xətlə yazıblar. Nəticədə onlar yazı bloku üzrə tələbi ödəyə bilməyiblər. Doğrudur, sınaq imtahanında namizədlərin əldə etdikləri nəticələr qəbul imtahanının nəticələri hesablanarkən nəzərə alınmır və heç bir hüquqi əhəmiyyətə malik deyil. Belə imtahanlar bir qayda olaraq qəbul imtahanının modeli əsasında təşkil olunur və imtahan verəcək namizədlərin həm öz biliklərini və hazırlıq səviyyələrini yoxlamalarına, həm də imtahan texnologiyalarına alışmalarına imkan yaradır.
Xatırladırıq ki, namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün qəbul imtahanında da sınaq imtahanında olduğu kimi aşağıda qeyd edilən bloklar təqdim ediləcək:
1. Oxuyub-anlama bloku
2. Dinləyib-anlama bloku
3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar)
4. Yazı bloku (esse yazısı)
Namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.
İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.
Doktoranturaya qəbul olunmaq istəyənlər üçün qəbul imtahanı proqramları DİM-in internet saytında yerləşdirilərək namizədlərə təqdim edilib (http://www.dim.gov.az/news/4619/). Doktoranturaya və dissertanturaya hazırlaşanlar xarici dillər üzrə qəbul proqramlarını linklərdən (Azərbaycan, rus) yükləyib tanış ola bilərlər.
Xarici di llər üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanının strukturu, məzmunu, bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblərlə DİM-in saytında ətraflı tanış olmaq mümkündür.
Qəbul imtahanında namizədlərin aşağıdakı xüsusiyyətlərə əməl etməklə “Xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədi”nin (CEFR) B2 səviyyəsinin meyarlarına cavab verən esse yazma bacarığı yoxlanılacaqdır:
- Yazının məzmunu, əhatəliliyi və həcmi;
- Yazının məntiqi strukturu;
- Nitqin rabitəliliyi və tamlığı;
- Qrammatik minimumdan düzgün istifadə;
- Lüğət ehtiyatının zənginliyi və səlisliyi;
- Yazı savadı.
Yazı bloku bir tapşırıqdan ibarətdir: verilmiş sərbəst mövzu əsasında giriş, əsas hissə və yekundan ibarət olan essenin yazılması (həcmi 200-250 söz).
Hər bir yazı işi iki ekspert tərəfindən qiymətləndirmə meyarlarına əsasən yoxlanılır və onların verdiyi qiymətlər əsasında yekun qiymət çıxarılır. Esse yazısı yoxlanılarkən onun mövzuya uyğunluğu, həcmi, tərkib hissələrinin (giriş, əsas hissə və nəticə (yekun) mövcudluğu və onlar arasında məntiqi rabitə, mövzunun yaradıcı şəkildə şərhi və əhatə səviyyəsi, fərdi baxışların, fikirlərin məntiqli və inandırıcı şərhi, əks fikirlərin inandırıcı şəkildə təkzibi, fikirlərin sitatlarla, nümunə, təcrübə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması, söz ehtiyatının zənginliyi, səlisliyi, ifadəlilik, ədəbilik, üslubun neytrallığı və orijinallığı, habelə yazı savadı (yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) ümumi sayı) nəzərə alınır.
Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış yazı işləri “0” (sıfır) balla qiymətləndirilir.
Onu da nəzərə almaq lazımdır ki, essenin həcmi 200-250 sözdən ibarət olmalıdır. Həcm tələb olunan minimum 200 sözdən 10 faiz az (ən azı 180 söz) və ya maksimum 250 sözdən 10 faiz çox (ən çoxu 275 söz) ola bilər. Minimal həcmdən (180 sözdən) az olan esselər də “0” (sıfır) balla qiymətləndirilir, esselərin maksimal həcmdən (275 sözdən) artıq olan hissəsi isə qiymətləndirmə zamanı nəzərə alınmır. Esse səliqəli və aydın xətlə yazılmalıdır. Oxunulması və anlaşılması mümkün olmayan esselər də “0” (sıfır) balla qiymətləndirilir.