Doktoranturaya və dissertanturaya xarici dil üzrə qəbul imtahanı vermək üçün 1504 namizəd qeydiyyatdan keçib
Yanvarın 26-da Dövlət İmtahan Mərkəzi tərəfindən (DİM) doktoranturaya və dissertanturaya xarici dil üzrə keçiriləcək qəbul imtahanında 1504 namizədin iştirakı gözlənilir.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, onlardan 1382-si ingilis dili, 61-i fransız dili, 61-i isə alman dili üzrə imtahan verəcək.
Xarici dillər üzrə doktoranturaya və dissertanturaya qəbul imtahanının strukturu, məzmunu, bloklar üzrə və ümumi nəticəyə qoyulan tələblərlə DİM-in saytında ətraflı tanış olmaq mümkündür.
Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə 2019-cu il 13 noyabr tarixli 443 nömrəli Qərarına əsasən, xarici dil üzrə qüvvədə olan B2 və ya daha yüksək səviyyəli beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik namizədlər xarici dil üzrə qəbul imtahanından azad olunurlar.