Ötən ilin noyabrında Dövlət İmtahan Mərkəzinin (DİM) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda 2020/2021-ci tədris ili üçün ali təhsilin bakalavriat səviyyəsinin xüsusi qabiliyyət tələb edən dizayn (sahələr üzrə) ixtisası üzrə qabiliyyət imtahanının məzmunu və proqramı bu ixtisas üzrə mütəxəssis hazırlığı aparılan təhsil müəssisələrinin ekspertləri tərəfindən müzakirə edilib. DİM müzakirələrdən sonra qəbul edilmiş qərarların əhəmiyyətini nəzərə alaraq onları bir daha təqdim edib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, 2020/2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, “Odlar Yurdu” Universitetinin, Azərbaycan Texnologiya Universitetinin dizayn (sahələr üzrə) ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Mühəndislik Universitetinin “Dizayn (sahələr üzrə)” ixtisasına qəbul olmaq istəyən abituriyentlər isə Rəsm və Kompozisiya fənləri üzrə qabiliyyət imtahanı verəcəklər.
Rəsm fənni üzrə qabiliyyət imtahanında gipsdən olan antik baş çəkiləcək və tapşırığın işlənməsinə 8 akademik saat vaxt verilir.
Kompozisiya fənni üzrə qabiliyyət imtahanında verilmiş mövzuya aid spektrin təqdim olunmuş rəng çevrəsinə uyğun həndəsi fiqurlardan ibarət kompozisiya çəkiləcək və tapşırığın işlənməsinə 6 akademik saat vaxt verilir.
Qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilir.
Qabiliyyət imtahanlarının proqramları, imtahanlara hazırlaşmaq üçün metodik tövsiyələr və digər məlumatlar DİM tərəfindən “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində nəşr ediləcək.