Bu universitetlərdə dizayn ixtisasını seçənlər yalnız rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər
2020/2021-ci tədris ilində Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Qərbi Kaspi Universitetinin, Xəzər Universitetinin, Odlar Yurdu Universitetinin, Azərbaycan Texnologiya Universitetinin dizayn (sahələr üzrə) ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız rəsm fənni üzrə qabiliyyət imtahanı verəcəklər.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı Mühəndislik Universitetinin dizayn (sahələr üzrə) ixtisasına qəbul olmaq istəyən abituriyentlərdən isə rəsm və kompozisiya fənləri üzrə qabiliyyət imtahanı götürüləcək.
Qeyd edək ki, rəsm fənni üzrə qabiliyyət imtahanında gipsdən olan antik baş çəkiləcək. Tapşırığın işlənməsinə 8 akademik saat vaxt veriləcək.
Kompozisiya fənni üzrə qabiliyyət imtahanında verilmiş mövzuya aid spektrin təqdim olunmuş rəng çevrəsinə uyğun həndəsi fiqurlardan ibarət kompozisiya çəkiləcək. Tapşırığın işlənməsinə 6 akademik saat vaxt ayrılacaq.
Qabiliyyət imtahanının yekun nəticəsi balla qiymətləndirilir.