Naxçıvan Dövlət Universitetində qış imtahan sessiyasında yeniliklər edilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Dövlət Universitetində bu ilki qış imtahan sessiyası yeniliklərlə keçirilir. Semestr ərzində 22 437 tələbənin iştirakı ilə 1263 sayda keçirilməsi planlaşdırılan imtahanların 515-i yazılı, 748-i isə elektron qaydada nəzərdə tutulub.
2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 6 elektron və 6 yazılı olmaqla kamera ilə təchiz edilmiş 12 otaqda aparılır.
Yazılı imtahana 3-4, elektron imtahana isə 2 nəfər olmaqla universitet əməkdaşlarından ibarət imtahan komissiyasının üzvləri nəzarət edir. İmtahanlara ümumi nəzarət etmək üçün isə 6 nəfərdən ibarət imtahan qərargahı yaradılıb. İmtahanların obyektivlik və şəffaflığı tam təmin olunub. Ona görə də, imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apellyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.
Bu ilki imtahanların ötən ildə keçirilən imtahanlardan daha bir fərqi ondan ibarətdir ki, tələbələr imtahanların yazılı və test olması ilə əlaqədar bilgilərlə əvvəlcədən tanış olur və imtahanlara daha rahat və asan hazırlaşmaq imkanı əldə edirlər. Qeyd edilən yenilik bir də bundan ibarətdir ki, tələbələr universitetin facebook səhifəsində yerləşdirilən linkdən istifadə etməklə imtahan nəticələrini öyrənməklə bərabər universitetin saytında e-cədvəl bölməsinə daxil olmaqla dərs, kollokvium, imtahan cədvəlləri, sualları və imtahan nəticələri barədə məlumat toplaya bilirlər. Eyni zamandan səhifədə yaradılan rektora müraciət bölməsinə daxil olan hər bir tələbənin imtahanlarla bağlı sual, təklif və şikayətlərini birbaşa rektora ünvanlaması yaradılan obyektiv şəraitin ideal nümunəsi sayıla bilər.
Səadət Əliyeva