Qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışı nəşr olunub. Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının xüsusi buraxılışında qəbul imtahanının I mərhələsi və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı üçün fənlər üzrə alt standartlar, proqramlar, tapşırıq nümunələri və qiymətləndirmə meyarlarını və balların hesablanma qaydasını dərc edib (Azərbaycan və rus dilində).
DİM-dən NUHÇIXAN-a bildirilib ki, jurnalda, həmçinin xarici dil (ingilis, fransız, alman, rus, ərəb və fars dilləri) fənni üzrə dinləyib-anlama qabiliyyətini yoxlamaq üçün tapşırıq nümunələri verilib. DİM-in saytında isə müvafiq audiofayllar yer¬ləşdirilib (http://dim.gov.az/news/2504/). Hər kəs bu faylları öz telefonuna və ya kompüterinə yükləyib qulaq asmaqla jurnalda verilən tapşırıqları yerinə yetirə bilər.
Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı "Abituriyent" satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.