Muxtar Respublika Daxili İşlər Nazirliyi Polis Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə kursantların qəbulunu elan edib

A- A A+

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi 2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə kursantların qəbuluna dair elan verib.

NUHÇIXAN elanın mətnini təqdim edir: 

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi xüsusi təyinatlı təhsil müəssisəsi olan Polis Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə əyani təhsilə 175 kursantın qəbulu üçün müsabiqə elan edir.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 santimetr (qızlar üçün 160 sm), çağırışçı kimi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan (qızlar istisna olmaqla), buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli, 16 yaşdan 18 yaşadək (2020-ci il avqust ayının 1-dək 16 yaşı tamam olacaq və çağırışçı olmayan) Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər, 2020-ci ilin yanvar, aprel və iyul tarixli çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamə ilə müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən vətəndaşlar müsabiqəyə buraxılmırlar.

Sənədlərin qəbulu 2020-ci il yanvar ayının 31-dən mart ayının 3-dək hər gün (bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsində həyata keçiriləcəkdir. Namizədlər aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:

- şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və surəti);

- təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili İşlər Nazirliyinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestat);

- yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün sağlamlıq haqqında arayış;

- ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və surəti); - oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili İşlər Nazirliyinə təqdim olunması üçün verilmiş xasiyyətnamə;

- 9x12 sm ölçüdə 2 ədəd, 4x6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda).

Sənəd qəbulu ilə bağlı əlavə məlumat almaq üçün əlaqə telefonları: 036-545-08-10 (155,156,160).

İlkin sənədləri Polis Akademiyasında təhsilə, eyni zamanda daxili işlər orqanlarında xidmətə uyğun gələn namizədlərə müvafiq forma üzrə ərizə-öhdəlik yazmaq təklif olunur və onlar abituriyent hesab olunur.

Abituriyentlər fiziki hazırlıq imtahanı (fiziki hazırlıq üzrə minimal normativlər oğlanlar üçün: turnikdə dartınma – çəkisi 80 kiloqramadək olanlar üçün – 9 dəfə, 80 kiloqramdan yuxarı olanlar üçün – 6 dəfə; qaçış 100 metr məsafəyə – 15 saniyə və 1000 metr məsafəyə – 4 dəqiqə; qollar üzərindən bədənin döşəmədən qaldırılması – 20 dəfə; arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə; qızlar üçün: arxası üstə uzanmış halda bədənin döşəmədən qaldırılması – 20 dəfə; qaçış 100 metr məsafəyə – 17 saniyə və 1000 metr məsafəyə – 5 dəqiqə) verməli, nazirliyin seçmə komissiyasından, habelə tibb xidmətinin xüsusi həkim komissiyasında müayinədən keçməlidirlər.

Fiziki hazırlıq normativlərindən birini ödəyə bilməyən, nazirliyin seçmə və ya tibb komissiyalarından keçə bilməyən abituriyentlər müsabiqədən kənarlaşdırılır. Komissiyaların işi ilə bağlı şikayətlərə nəticələr elan olunduğu anda abituriyentin komissiya sədrinə müraciəti olduqda baxılır.

Seçmə komissiyalarının vaxtı barədə məlumatlar Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin www.din.nmr.az internet saytında yerləşdiriləcəkdir.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı lll ixtisas qrupu fənləri üzrə qəbul imtahanlarına buraxılmaları üçün Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə göndərilir. İmtahanlar Azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşdirmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə həmin mərkəzin internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olunmuş kursantlar 14 avqust-14 sentyabr 2020-ci il tarixdə akademiyada ilkin hazırlıq kursuna cəlb edilir, dərslər 15 sentyabrda başlamaqla tədris Azərbaycan dilində aparılır, təhsil müddəti 5 ildir.

Təhsil müddəti kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunur, oğlanlar və qızlar istisna olmadan akademiyanın ərazisində yerləşən yataqxanada yaşayırlar.

Məzunlara Hüquqşünaslıq ixtisası, polis leytenantı xüsusi və ehtiyatda olan leytenant hərbi rütbələri verilməklə daxili işlər orqanlarında müvafiq vəzifələrə təyin edilirlər.

Ətraflı məlumatlar Daxili İşlər Nazirliyinin Polis Akademiyasının www.pa.edu.az internet saytında yerləşdirilmişdir

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: