Azərbaycan alimlərinin vulkan palçığından gübrənin alınması ilə bağlı elmi ixtirası patentləşdirilib
Azərbaycan alimləri ilk dəfə olaraq vulkan palçığı xammalı əsasında kompleks gübrə əldə ediblər. Bu barədə NUHÇIXAN-a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.
Bildirilib ki, Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov, Palçıq vulkanizmi şöbəsinin müdiri, professor Adil Əliyev, həmin şöbənin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasov, Geoekologiya şöbəsinin baş elmi işçisi, professor Mirəli Alosmanov, eləcə də Kataliz və Qeyri-üzvi Kimya İnstitutu və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.
Alimlər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə yanaşı, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrə müxtəlif torpaqlarda tətbiq olunub və onun bitkilərin inkişafına müsbət təsiri təsdiqini tapıb.