Doktorantura və dissertanturaya qəbul üçün keçirilmiş xarici dil üzrə imtahanın nəticələri açıqlanıb
Doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün keçirilən xarici dil üzrə imtahanın nəticələri açıqlanıb.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN-a bildirilib ki, namizədlər Mərkəzin internet saytında imtahan nəticələri, cavab kartının və esselərin qrafik təsviri ilə tanış ola bilərlər. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda 1489 namizəd iştirak edib. 30 nəfər imtahana gəlməyib. 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric edilib. İmtahan nəticələrinə əsasən 724 nəfər tələb olunan şərtləri ödəyərək fəlsəfə imtahanına buraxılıb. Xatırladaq ki, bundan əlavə DİM-ə müvafiq sertifikatını təqdim etmiş 36 namizəd xarici dil imtahanından azad olunub.
İmtahan blokları üzrə müəyyən edilmiş minimum bal məhdudiyyətləri ləğv edilib, ümumilikdə 20 və daha çox bal toplamış namizədlər fəlsəfə imtahanına buraxılıb.
Namizədlərin imtahanda ilk üç blok (dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə) üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. İmtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir.
İmtahan nəticələri ilə əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün fevralın 3-4-də saat 10:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə küçəsi, 28 ünvanında, keçmiş Bakı Asiya Universitetinin binasında) Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Namizədlər komissiyaya şəxsiyyətlərini təsdiqləyən sənədi təqdim etməklə müraciət edə bilərlər.