Bu gün Azərbaycan gəncləri ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəal iştirak edirlər. Muxtar respublikada məşğul əhalinin əksəriyyətinin gənclərdən ibarət olması, onların dövlət orqanlarında irəli çəkilməsi gənclərə göstərilən diqqət və qayğıdan xəbər verir.
NUHÇIXAN xəbər verir ki, bu fikirləri ali təhsil ocağında 2 Fevral - Gənclər Gününə həsr olunmuş “Gənclər gələcəyimizdir” mövzusunda keçirilən tədbirdə universitetin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva qeyd edib. Rektor ölkəmizdə, o cümlədən muxtar respublikada həyata keçirilən gənclər siyasətindən, bu sahədə əldə olunan nailiyyətlərdən ətraflı bəhs edərək bildirib ki, gənclərə qayğını hər zaman diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalaması dövlətimizin gəncliyə verdiyi önəmin daha bir parlaq göstəricisidir. “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı”nın qəbul olunması isə bu sahədə görülən işlərin davamı kimi gələcəkdə də gənclərə qayğının prioritet istiqamət olacağını təsdiqləyir.
Daha sonra dosent Aypara Behbudovanın “ Gənclərə dövlət qayğısı”, universitetin Tələbə-Gənclər Təşkilatının sədri Zakir Məmmədovun “ Tələbə-Gənclər Təşkilatının fəaliyyəti”, universitetin dissertantı Emelya Süleymanovanın “Müasir gənclik və mütaliə mədəniyyəti” və İqtisadiyyat fakültəsinin III kurs tələbəsi Məhərrəm Həsənovun “Milli ruhda böyüyən gənclik gələcəyimizin təminatıdır” mövzusunda çıxışları dinlənilib.
Seyfur Hacımuradov