“Xəmsə” intellektual oyununun qalibləri müəyyənləşib - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin tələbələri arasında Gənclər Günü münasibətilə keçirilən “Xəmsə” intellektual oyununun qalibləri müəyyənləşib.
NUHÇIXAN xeber verir ki, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunda keçirilən intellektual yarışdan əvvəl ali təhsil ocağının Tələbə-Gənclər Təşkilatının sədri Zümrüd Səfərova çıxış edərək gənclərə göstərilən diqqət və qayğıdan danışıb.
Bildirib ki, Azərbaycanda əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün ölkəmizdə, eləcə də Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Universitetdə tələbə-gənclər üçün yaradılan mövcud imkanları yüksək qiymətləndirən təşkilat sədri bütün gəncləri daha fəal olmağa çağırıb.
Zümrüd Səfərova qeyd edib ki, universitetin müxtəlif fakültələrinin Tələbə-Gənclər təşkilatları rəhbərlərinin birgə layihəsi əsasında keçirilən yarışın məqsədi gənclərin intellektual dünyagörüşünü inkişaf etdirmək, asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdır.
Sonra tələbələrə yarışın qaydaları izah edilib.
İntellektual oyunun nəticələrinə görə, universitetin İqtisad fakültəsi qalib olub. Tarix-filologiya fakültəsi ikinci, Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi isə üçüncü yerləri tutublar.
Qeyd edək ki, suallar Azərbaycan Respublikasının daxili və xarici siyasəti, muxtar respublikada gənclər siyasəti və ümumi dünyagörüşü barədə olub.
Səadət Əliyeva