Xarici ölkələrin ali məktəblərindən yerli universitetlərə köçürülərkən hansı göstəricilər nəzərə alınmalıdır?
Tələbələrin köçürülməsi prosesi davam edir.
Təhsil Nazirliyindən NUHÇIXAN-a bildiriblər ki, elektron sənəd qəbulu fevralın 7-dək aparılacaq.
Xarici ölkələrin ali təhsil müəssisələrindən yerli ali təhsil müəssisələrinə köçürülərkən əsas nəzərə alınan göstəricilər:
- Tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması;
- Tələbənin xarici ölkə ali təhsil müəssisələrində əyani təhsil alması;
- Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda iştirak etmədikləri halda beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000 bal (riyaziyyat üzrə ən azı 560 bal), TOEFL İBT imtahanından ən azı 75 bal, İELTS imtahanından ən azı 6.0 bal);
- Qənaətbəxş akademik göstəriciləri, köçürülmə səbəbləri;
- DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri.
Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsindən Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tələbələrin köçürülməsinə yol verilmir.