Ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarının II mərhələsi üzrə fevralın 16-da keçiriləcək sınaq imtahanına qeydiyyat davam edir.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, 2020-ci ilin qəbul imtahanı modelinə uyğun keçiriləcək sınaq imtahanına qeydiyyat fevralın 10-u saat 11:00-dək aparılacaq.
İmtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Tovuz, Şəki, Mingəçevir, Zaqatala, Bərdə, Ağcabədi, Göyçay, Şamaxı, İsmayıllı, Füzuli, Sabirabad, Salyan, Kürdəmir, Şirvan, Quba, Xaçmaz, Lənkəran, Cəlilabad və Masallı şəhərlərində təşkil olunacaq.
Sınaq imtahanına qeydiyyatdan keçmək üçün ekabinet.dim.gov.az keçidində “Şəxsi kabinet” yaradılmalıdır (şəxsi kabineti olmayanlar). “Şəxsi kabinet”in “Hesab” bölməsinə imtahanda iştirak üçün nəzərdə tutulan məbləğ yüklənilir. Hesaba lazımi miqdarda vəsait əlavə etmək üçün müxtəlif ödəniş üsullarından yararlanmaq olar.
Daha sonra DİM-in saytında yerləşdirilən qeydiyyat linki vasitəsilə “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə sistemə daxil olub “İmtahana buradan yazılın” düyməsini basmaq lazımdır. Açılan səhifədə imtahan yeri seçilir. Sonra isə şəxsiyyəti təsdiq edən sənədin məlumatları, telefon nömrəsi, imtahan verəcəyiniz bölmə, ixtisas qrupu seçilir və “Qeydə al” düyməsi basılır. Bundan sonra “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərsiniz.
Qeyd edək ki, abituriyentlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya, mətn və ya mənbə əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddət istifadə olunan və cavabları kodlaşdırıla bilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.