AMEA-nın İctimai Elmlər Bölməsinin əməkdaşları 12 dövlət proqramının icrasında iştirak edirlər

A- A A+

2019-cu ildə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin elmi müəssisələrində səkkiz elmi istiqamətin 33 problemi üzrə 132 mövzu, 305 iş, 272 mərhələnin üzərində elmi-tədqiqat işləri aparılıb, 45 mövzu, 127 iş, 212 mərhələ tamamlanıb.

NUHÇIXAN xəbər verir ki, bu fikirlər AMEA Rəyasət Heyətinin fevralın 5-də keçirilən növbəti iclasında səsləndirilib. İclasda AMEA-nın İctimai Elmlər Bölməsinin hesabatı dinlənilib.

Bildirilib ki, hesabat ilində bölməyə daxil olan elmi müəssisələrin fəaliyyətlərində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, dövlət proqramları və strategiyaları, AMEA rəhbərinin sərəncamları, akademiyanın ümumi yığıncağının və Rəyasət Heyətinin qərarları əsas götürülüb. Bölmənin əməkdaşları 12 dövlət proqramım icrasında iştirak edirlər. Ölkə başçısının imzaladığı “2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında”, “Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında”, “Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd edilməsi haqqında” və bir çox digər sərəncamlara əsasən, AMEA-nın İctimai Elmlər Bölməsinin institutlarında çoxsaylı tədbirlər keçirilib.

Qeyd edilib ki, bölmə əməkdaşlarının 2 min 185 əsəri işıq üzü görüb. Onlardan 9-u xaricdə olmaqla 148-i kitab və monoqrafiya, 391-i xaricdə olmaqla 1296-sı məqalə, 58-i xaricdə olmaqla 302-si tezisdir. 54 məqalə impakt faktorlu jurnalda nəşr edilib, elmi işçilərin əsərlərinə 876 dəfə istinad olunub. Hazırda bölmədə 76 doktorant və 259 dissertant, magistratura üzrə 11 nəfər təhsil alır.

Bölmə alimləri Türkiyə, Rusiya, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, İran, Özbəkistan, Gürcüstan, Ukrayna, Belarus, Qazaxıstan, Çin, Misir, Polşa, Bolqarıstan, Küveyt, Yaponiya, Vyetnam, Koreya, Səudiyyə Ərəbistanı və s. ölkələrin elmi mərkəzləri və beynəlxalq təşkilatları ilə əməkdaşlıq edib.

Hesabat məruzəsində qeyd edilib ki, ötən il İctimai Elmlər Bölməsinin elmi-tədqiqat müəssisələri tərəfindən 20 beynəlxalq konfrans, 2 beynəlxalq forum, 2 beynəlxalq simpozium, 3 beynəlxalq seminar, 22 respublika konfransı, 32 elmi seminar, 8 sessiya, 12 yubiley tədbiri keçirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: