AMEA Naxçıvan Bölməsində ötən il 96 mərhələ üzrə tədqiqatlar tamamlanıb, səkkiz mühüm elmi nəticə əldə olunub
2019-cu il AMEA Naxçıvan Bölməsi üçün uğurlu nəticələrlə yadda qalıb. Belə ki, bölmədə altı elmi istiqamətdə altı problemi əhatə edən yeddi mövzuya daxil olan 37 iş 99 mərhələdə yerinə yetirilib, 96 mərhələ üzrə tədqiqatlar tamamlanıb və səkkiz mühüm elmi nəticə əldə olunub.
NUHÇIXAN xəbər verir ki, ötən il bölmə əməkdaşlarının 4-ü xaricdə olmaqla, 18 monoqrafiyası, 9 kitabı, 1 kitabçası, 3 metodik vəsaiti, 75-i xaricdə olmaqla 551 elmi məqaləsi, 58-i xaricdə olmaqla 223 konfrans materialı, biri xaricdə olmaqla, 7 tezisi nəşr edilib, alimlər tərəfindən dörd buklet tərtib edilib. Məqalələrin 93-ü xaricdə olmaqla 445-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda, 37 elmi məqalə “Web of Science”, “Scopus” və digər elmi bazalara daxil olan impakt faktorlu jurnallarda işıq üzü görüb. Bunlardan 10-u “Clarivate Analytics” (Thomson Reuters) siyahısına daxildir. Alimlərin əsərlərinə 340 dəfə istinad edilib.
AMEA Naxçıvan Bölməsinin əməkdaşları ötən il Türkiyə, Şimali Makedoniya, Qazaxıstan, İran, Rusiya, ABŞ, Avstraliya, Fransa, Gürcüstan və digər ölkələrin elmi mərkəzləri ilə əməkdaşlıq ediblər. Bundan başqa, 2019-cu ildə Naxçıvan Bölməsi üzrə 2 respublika səviyyəli qrant layihəsinin icrası başa çatıb, 2-si beynəlxalq və 1-i respublika səviyyəli olmaqla 3 qrant layihəsinin icrası isə davam etdirilir.