Geologiya və Geofizika İnstitutunun mütəxəssisləri yeni tədqiqatlara başlayırlar

A- A A+

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının son iclasında 2020-ci il və sonrakı dövr üçün elmi-tədqiqat işlərinin proqramları müzakirə edilib və təsdiqlənib.

İnstitutdan NUHÇIXAN-a bildirilib ki, qəbul edilmiş 4 elmi işdən biri olan “Qafqaz, onunla yanaşı Qara dənizin və Xəzər dənizinin akvatoriyalarının təbii flüid təzahürlərinin geoinformasiya sistemi"nin icrası 3 il (2020-2022) müddətində müəyyənləşdirilib.

Elmi-tədqiqat işinin icrasına GGİ-nin bir neçə şöbəsinin mütəxəssisləri cəlb olunublar.

Tədqiqat işinin elmi rəhbərləri - akademik Əkbər Feyzullayev və AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildiriblər ki, Qara dəniz-Xəzər regionu dünyanın ən qədim neft-qaz hasil edən regionlarına aiddir. Burada yüzlərlə faydalı qazıntı yatağı kəşf edilərək istismara verilib və karbohidrogenlərin, filiz və qeyri-filiz yeni yığımlarının kifayət qədər fəal axtarışı aparılır. Bu region təbii flüidlərin səthi makro və mikro təzahürlərinin geniş yayılması ilə xarakterizə olunur (mineral və termal bulaqlar, palçıq vulkanları, əvvəllər aktiv olmuş maqmatik vulkanlar, quru qaz axını). Flüidlərin sıxışdırılmasının müxtəlif elementlərinə (palçıq vulkanları, ləkələr, səmt qazı boruları və s.) Yerdə ən yüksək seysmik potensiala malik plitələrin sərhədləri üzərində tez-tez rast gəlinir.

Regionun ayrı-ayrı geoloji obyektlərinin tədqiqi nəticələrinin pərakəndə nəşrlərinə əsasən flüid təzahürlərinin izotop-geokimyəvi tərkibinin mühüm məkan-zaman dəyişkənliyi qeyd olunur. Lakin indiyə qədər Qara dəniz-Qafqaz-Xəzər regionunun bütün lokal flüid təzahürləri haqqında olan məlumatların toplanıb sistemləşdirilməsi və GİS məlumatlarının istifadəsi ilə onların xəritələməsınin aparılmasını əks etdirən fundamental bir iş hazırlanmayıb. Hərçənd ki, bu onların izotop-geokimyəvi tərkibinin, fiziki-dinamiki parametrlərin zaman və məkanda regional dəyişikliklərinin geodinamik əsasının xarakterinin gələcək təhlili məqsədilə zəruridir. Qara dəniz-Xəzər regionu fluid dinamikasına geodinamik nöqteyi-nəzərdən yeni baxış həm bərk (filiz və qeyri-filiz), həm də neft-qaz faydalı qazıntı axtarışlarında əlavə meyarlar aşkar etməyə imkan verir.

Deyilənlərə əsaslanaraq söyləmək olar ki, təklif olunan mövzu aktualdır. Elmi-tədqiqat işi 3 mərhələdə aparılacaq.

Elmi işə cəlb olunmuş əməkdaşların Rusiya Federasiyası, Gürcüstan və Ukrayna geoloji təşkilatlarının fondlarına ezam olunması da planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: