Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov və müəssisənin şöbə müdiri, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Mirnuh İsmayılov tərəfindən təbii-texnogen təhlükələr əsasında Azərbaycanın ekoloji risklər xəritəsi işlənib hazırlanıb. Bu barədə NUHÇIXAN-a AMEA-dan məlumat verilib.
Bu, Azərbaycanın ilk dəfə çoxparametrli məlumatlar əsasında tərtib edilmiş irimiqyaslı rəqəmsal ekoloji risklər xəritəsidir. Ölkə ərazisində sel, sürüşmə, daşqın, demoqrafik və texnogen yüklənmə, səth və yeraltı suların çirklənməsi, Xəzər dənizinin səviyyə tərəddüdü, şoranlaşma, bataqlaşma, iqlimdəki risklər, səhralaşma və zəlzələ kimi ekoloji risk yaradan mənbələr müəyyən edilib. Xəritənin təhlilindən məlum olur ki, respublika ərazisinin 37,2 faizi çox zəif, 19,8 faizi zəif, 23,9 faizi orta, 12,4 faizi yüksək və 6,8 faizi isə çox yüksək ekoloji riskli ərazilərdir.
Azərbaycanın ekoloji risklər xəritəsi infrastruktur layihələrin həyata keçirilməsində, tikintidə, seliteb-şəhər planlaşdırılmasında və sığorta işlərində mühüm mənbə rolunu oynaya bilər.