Fevralın 13-də Bakıda Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunan “Sabahın alimləri” IX Respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib.
NUHÇIXAN xəbər verir ki, mərasimdə Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə böyük önəm verdiyini bildirib.
Nazir təhsil sahəsində qazanılan uğurlardan, bu sahənin inkişafı üçün həyata keçirilən tədbirlərdən danışıb. C. Bayramov “Sabahın alimləri” müsabiqəsinin təhsilə töhfə verdiyini qeyd edib.
Digər çıxış edənlər də müsabiqənin əhəmiyyətini vurğulayıblar.
Cari ildə müsabiqədə iştirak üçün 15 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə müraciət edib. Onlardan 327 nəfər 187 elmi layihə ilə müsabiqəyə qatılıb.
Münsiflər heyəti tərəfindən qaliblər müəyyənləşdirilib.
Tədbirdə qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunub. Üç layihənin müəllifi isə cari ilin may ayında ABŞ-da keçiriləcək ISEF-də iştirak etmək imkanı qazanıb və BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək.
“Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə təşkil olunur.
Müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı ilə keçirilir.