“Məktəblilərin dram müsabiqəsi”nə yekun vurulub

A- A A+

NUHÇIXAN xəbər verir ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilən “Məktəblilərin dram müsabiqəsi”nə yekun vurulub. Naxçıvan Muxtar Respublikası təhsil və mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə dram müsabiqəsinin və Bakıda keçirilən “Sabahın alimləri” IX Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirib ki, 3 mərhələdə keçirilən “Məktəblilərin dram müsabiqəsi”ndə 127 məktəb üzrə 900-ə yaxın şagird iştirak edib. Müsabiqə şagirdlər arasında böyük marağa səbəb olub və müsabiqəyə hazırlıq yüksək səviyyədə təşkil edilib.

Təhsil naziri qeyd edib ki, muxtar respublika məktəbliləri ilk dəfə olaraq “Sabahın alimləri” IX Respublika müsabiqəsinə qatılıblar. 11-13 fevral 2020-ci il tarixlərdə Bakı şəhərində keçirilən müsabiqədə Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Siyavuş Bağırov və Araz Qulusoy, həmin məktəbin X sinif şagirdləri Fatimə İsmayılova və Bəxtiyar İsmayılov hazırladıqları layihələrlə muxtar respublikanı təmsil ediblər. Azərbaycan üzrə 187 layihə içərisində Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin XI sinif şagirdləri Siyavuş Bağırov və Araz Qulusoyun hazırladıqları Ferma nöqtəsindən istifadə etməklə 3 qəsəbə arasında ən uyğun məntəqənin tapılması” layihəsi III yerə layiq görülüb.

Rəhman Məmmədov qalibləri təbrik edib, muxtar respublikada təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Nətavan Qədimova muxtar respublikada mədəniyyətə, incəsənətə və teatrların inkişafına göstərilən dövlət qayğısından danışıb.

Çıxışlardan sonra “Məktəblilərin dram müsabiqəsi”nin qaliblərinin və müsabiqədə fəal iştirakına görə seçilən şagirdlərin mükafatlandırılması olub.

Nəticələrə əsasən, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin kollektivinin hazırladığı Moris Meterlinkin “Göy quş” əsəri I yerin qalibi olub. Qaliblər təşkilatçılar tərəfindən diplom və oxunması zəruri olan kitablarla mükafatlandırılıb.

Tədbirdə eyni zamanda “Sabahın alimləri” IX Respublika müsabiqəsinin iştirakçıları və qalibləri, həmçinin onların elmi rəhbərləri diplom və hədiyyə ilə  təltif olunublar.

Tədbir çərçivəsində Moskvada keçirilən Məktəblilərin “Elmə start” VIII Beynəlxalq elmi-tədqiqat və yaradıcılıq müsabiqəsinin birinci mərhələsində III yerin qalibi olmuş Naxçıvan Qızlar Liseyinin IX sinif şagirdi Nuray Məmmədova və onun elmi rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova mükafatlandırılıb.

Sonra “Məktəblilərin dram müsabiqəsi”nin seçim mərhələləri ilə bağlı hazırlanmış videoçarx təqdim edilib.

Sonda müsabiqənin qalibi olan məktəblilərin hazırladıqları səhnələrə baxış olub.

       

Turab Hacızadə

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: