Dubay polisi Yaxın Şərq və Şimali Afrika regionunda ilk dəfə 5G texnologiyalı polis patrul avtomobilini təqdim edib. NUHÇIXAN “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, avtomobildə 5G texnoloji qurğusunu Birləşmiş Ərəb Əmirliklərinin “Etisalat” mobil operatoru quraşdırıb.
Təqdimat mərasimində qeyd olunub ki, “ağıllı” polis patrul avtomobili süni intellekt texnologiyası ilə təchiz edilib və 5G şəbəkəsi vasitəsilə kameraları birbaşa nəzarət-komanda məntəqəsinə qoşulub. Dubay polisinin Süni İntellekt Departamentinin rəisi Xalid Nasser əl-Razuqi bildirib ki, yeni texnologiya sayəsində şəhərdə təhlükəsizliyi daha etibarlı təmin etmək mümkün olacaq.
Dubay Əmirliyində 5G texnologiyasının tətbiqi istiqamətində mühüm tədbirlər görülür. Bu məqsədlə dövlət orqanları, o cümlədən polis təşkilatının özəl şirkətlərlə əməkdaşlığı daha da genişləndirilib. “Etisalat” şirkətinin vitse-prezidenti Abdullah İbrahim Əl Əhməd qeyd edib ki, onun təmsil etdiyi mobil operator Əmirliyin təhlükəsizlik sektoruna töhfə verməsindən çox məmnundur. O, Dubayda yeni texnologiya əsasında üztanıma şəbəkəsinin daha da inkişaf etdiriləcəyini əlavə edib.